Tehran dayanmır, Məşhəddə imam cümənin ofisini dağıtdılar –AKSİYAÇILARDAN YENİ TAKTİKA

  • GÜNDƏM
  • 14.01.2020 11:52
  • 268 dəfə oxundu

İranda vəziyyət getdikcə kritik şəkil alır. Belə ki, Ukraynaya məxsus təyyarənin vurulmasından sonra hadisələr məcrasından çıxmağa başlayıb. İnsanlar hakimiyyətin səhvlərini bağışlamaq fikrində deyil. Eyni zamanda, illərdən bəri yığılıb qalmış nifrətlərini ifadə etməyə başlayıblar.  

Aksiyalar davam edir

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, hal hazırda İranın Tehran şəhəri ilə yanaşı, daha bir neçə şəhərində də gənclər etiraz aksiyalarını davam etdirirlər. Belə ki, Əmir Kəbir Universitetinin tələbələrinin başlatdığı etiraz aksiyaları, qısa müddətdə İsfahan, Məşhəd və Həmədana da yayılıb.

Hadisələrin davam edəcəyi, ölkənin əksər yerlərinə yayılacağı istisna edilmir. Prosesdə əsas aktiv təbəqə gənclər olduğundan hakimiyyət qüvvələri də tutarlı addım ata bilmir. Eyni zamanda, etiraf etdiyi səhv ucbatından hər hansı total zorakılığa da əl atmaqdan çəkinir.

Məşhədin imam cüməsinin ofisi dağıdıldı

Gələn məlumatlarda deyilir ki, dünən İranın Məşhəd şəhərində durum daha kritik şəkil alıb. Buna səbəb isə şəhərin imam cüməsinin əhali qarşısında etdiyi çıxış olub. O çıxışında deyib ki, Ukrayna təyyarəsinin vurulması səhvdir, lakin bu səhvin üstünə getməyə gərək yoxdur. “Bir səhvdir olub. Həmin adamlar bir gün öləcəkdilər. Qismətləri bu cür ölüm oldu. Qəza kimi qəbul edin və çox da şişirtməyin”.

Bildirilir ki, imam cümənin bu çıxışından sonra etirazçılar onu fitə basıblar. Ardından isə oturduğu ofisə hücum edərək, şüşələrini qırıblar. Və ələ salmaq üçün ofisin divarına yazıblar: “Bir qəza idi, çox da şişirtmə”.

Aksiyaçılardan yeni taktika

Qeyd edək ki, Tehranda tələbələr əvvəlki dönəmlərdən fərqli olaraq, yeni taktika ilə hərəkət edirlər. Şəhərin əsas meydanlarında etirazlarını bildirən gənclər əsas qüvvə ilə yanaşı, yardımçı dəstələr də formalaşdırıblar. Bu dəstələrin əsas funksiyası aksiya iştirakçılarına zorakılıq edən və ya onlara güllə atmağa çalışan hökumət qüvvələrinin nümayəndələrini müəyyənləşdirmək və mümkün qədər operativ şəkildə zərərsizləşdirməkdir.

Dünəndən etibarən insanları küçələrdən yığışdırmağa çalışan SEPAH-ın milis qüvvələri, hətta əhaliyə güllə də atmaqdan çəkinməyib. Nəticədə ölən və yaralananların olduğu bildirilir.

Yeni taktikaya əsasən gənclər üzlərinə niqab bağlayaraq, SEPAH əməkdaşlarına hücumlar təşkil ediblər. İlkin məlumatlara görə, Tehranda 5 SEPAH əməkdaşı öldürülüb, ondan artığı isə yaralanıb.

Kirmanşah şəhərində isə küçələrə çıxan insanlar onlara zor tətbiq edən polisə “Molotov kokteyli” atıb ki, nəticədə bir neçə polis əməkdaşı yanıq xəsarətləri alıblar.

Azərbaycan şəhərləri susumaqda davam edir

İranın Azərbaycan şəhərlərində isə durum sabit olaraq qalır. Təbriz, Urmiya, Ərdəbil, Əhər və Kəleybər şəhərlərində hökumət tərəfdarları insanıarın başını qatmaq üçün Süleymaninin ölümünü əsas götürərək, guya onun üçün əza məclisləri təşkil edir, ehsan verirlər. Yerli sakinlər də tanıdıqları, hətta qohumluq əlaqələri olan belə adamların dəvətini geri çevirməyə utanırlar. Ona görə də, həmin mərasimlərə qatılırlar.

Yerli müşahidəçilər deyir ki, İran hökumətinin Azərbaycan şəhərlərində belə tədbirləri mütəmadi olaraq keçirməsi məqsədlidir və əhalinin başını qatmağa hesablanıb. Onların sözlərinə görə, bunun uzun müddət davam edəcəyi inandırıcı görünmür.

Bundan başqa, mərkəzi hakimiyyət Azərbaycanlıların sakit qalması məqsədi ilə başqa bir addım da atmağa başlayıb. Belə ki, son bir ildə Azərbaycan şəhərlərində iri və orta səviyyəli biznesmenlərin əksər bahalı layihələrini maliyyələşdirməyə başlayıb. Deyilənlərə görə, Təbriz və digər şəhərlərdə əhalinin həyat səviyyəsi ilə, digər vilayətlərdəki əhalinin həyat səviyyəsi arasında ciddi fərq var. Bu da onunla bağlıdır ki, Azərbaycan şəhərləri sakit otursunlar və başları qarışsın.

Futbol yarışları dayandırılıb

JAMAZ.İNFO xəbər verir ki, İranda baş verən hadisələrdən dolayı ölkənin əsas liqasında keçirilən futbol oyunları təxirə salınıb. Xüsusən də, derbi matçlarının keçirilməsi dayandırılıb.

Belə ki, adi komandalar arasında keçirilən oyunlarda bir o qədər azarkeş iştirak etmir. Lakin “Traxtor”, “İstiqlal”, “Perspolis” və “Sepahan” kimi klublar arasındakı oyunlarda isə 100 minə yaxın azarkeş iştirak edir ki, bu da yerli hakimiyyət üçün indiki şəraitdə arzu olunan deyil. Ona görə də, ProLeguedə keçiriləcək bütün oyunlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər