Şoyqunun İrəvan bəyanatını necə oxumalı? –KREMLİN İKİBAŞLI OYUNU

Həftə içi Qafqazda maraqlı bir xeyli hadisə baş versə də, Azərbaycan üçün önəmli olanı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı və İrəvana etdiyi səfər xüsusi əhəmiyyət daşıyır. Ermənistana səfər edən rus nazirin bəyanatları, Azərbaycanda sərgilədiyi münasibət kifayət qədər maraqlı olmaqla yanaşı, həm də Bakının bundan sonrakı tutumuna da təsir edə bilər.  

JAMAZ.İNFO xəbər verir ki, bu səfər Azərbaycan mətbuatında bir o qədər geniş müzakirə mövzusu olmasa da, Ermənistan mediasında bəzi epizodları ilə diqqəti çəkib.

Qeyd edək ki, Şoyqu Ermənistanda səfərdə olarkən özünün bazası olan 102-ci briqadasının heyəti ilə görüşüb. Bundan əlavə erməni həmkarı David Tonoyanla da bu hərbi bazanın perspektivləri ətrafında müzakirələr aparıb. KTMT-nin üzvü olan hər iki ölkənin müdafiə nazirləri 2020-ci il üçün hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair sənəd də imzalayıblar.

Bakıda səfərdə olarkən Şoyqu Azərbaycan rəsmiləri ilə də görüşüb. Xxüsusən də prezident İlham Əliyevlə geniş müzakirələr aparıb. Müşahidəçilər yazır ki, Azərbaycan KTMT-nin üzvü olmasa da, Rusiya ilə hərbi sahədə geniş əlaqələrə malikdir. Onların qənaətinə görə, bu münasibətlər getdikcə daha da inkişaf edir. “Ermənistanı narahat edən də elə budur. Onlar dəfələrlər KTMT qarşısında bu məsələni qaldırıblar və Azərbaycanın təşkilatdakı müşahidəçi qismində iştirakını da ləğv olunmasını istəyiblər. Lakin İrəvanın bu tələbini ciddiyə alan olmayıb”.

Lakin Rusiyanın ikibaşlı oyun oynadığı da göz qabağındadır. Bunu Kremlin Ermənistana xüsisi diqqət göstərməsiylə müşahidə etmək olar. Elə Şoyqunun son səfərində rus generalların verdikləri bəyanatlar da təsdiq edir ki, Moskva İrəvana dəstək verməklə yanaşı, həm də onun arxasından çəkilmək fikrində deyil. Məsələn, 102-ci hərbi bazanın komandiri, polkovnik Nikolay Martınyuk müdafiə nazirinə məlumat verərkən bildirib ki, “hərbi bazanın gücü və hərbi potensialı iki dəfə artırılıb”.

Müşahdiəçilər bildirir ki, polkovnikin belə bir bəyanat verməsi olduqca maraqlıdır. Və onun nə demək istədiyini anlamağa çalışırlar. Onları maraqlandıran başlıca məsələlərdən biri də odur ki, Azərbaycan mətbuatında bu hadisəyə ümumiyyətlə, heç bir reaksiya verilməyib. “Bakı mətbuatında bu məsələ əhəmiyyətsiz bir şey kimi qeyd olunur. Bu azmış kimi, mətbuat və müşahidəçilər “Rusiya nə üçün Ermənistandakı həbir bazasını niyə gücləndirir” sualına cavab axtarmırlar”.

Nəzərinizə çatdıraq ki, rus ekspertlərin bununla bağlı öz rəyləri var. Onlar qeyd edirlər ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya bu ölkədə mövqelərini daha da möhkəmlətməlidir. Onların sözlərinə görə, buna səbəb İrəvanın təkcə, etibarsız müttəfiq olması deyil, həm də Paşinyanın Qərbə daha çox meyillənə biləcəyidir. Rus müşahidəçilər hesab edirlər ki, əgər Rusiya regionda özünün geosiyasi maraqlarını qorumağa çalışırsa, Ermənistan bu prosesdə mütləq bir yerə sahib olmalıdır.

“ArmenianReport” saytı isə olduqca fərqli bir münasibət sərgiləyən məqalə ilə çıxış edib. Sayt yazır ki, Paşinyan üçün Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq üçün əlverişli şərait yaranıb. “Bunun üçün İrəvan real addımlarla məsələni qaldıra bilər. Lakin Paşinyan hökuməti nəinki bunu edir, əksinə, Rusiya ilə hərbi sahədə əməkdaşlığını daha da dərinləşdirir”.

Bəzi müşahidəçilərin qənaətinə görə, Gümrüdəki hərbi baza birbaşa Qarabağ münaqişəsinə təsir etmir. “Amma bu hərbi baza Rusiya üçün bölgədə stabilliyin qorunmasına və Qarabağda hərbi əməliyyatların başlamasına əngəl olmaqda mühüm əhəmiyyətə malikdir”.

İndi isə Sergey Şoyqunun İrəvanda verdiyi bəyanata diqqət edək. “Gümrüdəki hərbi baza Ermənistan silahlı qüvvələri ilə birlikdə bütün ölkənin müqəddəratı üçün mümkün təhlükələrlə mübarizə aparmağa hazırdır”.

Maraqlıdır, Ermənistanı faktiki olaraq hansı təhlükə gözləyir? Ümumiyyətlə, Şoyqu “düşmən” və “təhlükə” deyəndə nələri və hansı ölkələri nəzərdə tutub?

Ermənistan üçün “ənənəvi və tarixi” “düşmən” ilk olaraq Türkiyə olub. Hal hazırda belə bir təhlükə mövcud deyil. Bunun reallaşması üçün indiki məqamda Ankara Ermənistanla sərhəd ərazilərdə nəzarəti itirməlidir. Belə bir halın yaxın perspektivdə baş verməsi mümkün görünmür. Və ya sərhəd ərazilərdə iğtişaşların baş qaldırması zamanı bu mümkündür.

Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya üçün düşmən deyil. Əksinə, bu iki ölkə təkcə siyasi və diplomatik sahədə deyil, həmçinin hərbi sahədə də müttəfiqlik edir. Belə olan halda, Rusiyanın Ermənistanı Türkiyədən qorumağa da gərək qalmır.

Gürcüstan və İran da hal hazırda Ermənistanın təhlükəsizliyi üçün ciddi problem yaratmır. Və yazın perspektivdə bu ölkələr arasında münasibətlərin gərginləşə biləcəyi az ehtimal olunur. Düzdür, Tbilisi ilə İrəvan arasında Cavaxetiya gərginliyi var. Ermənilər bu bölgədə də ikinci Qarabağ münaqişəsi yaratmağa çalışırlar. Hərçənd bu gərginliyin memarı təkcə, İrəvanın deyil, eyni zamanda Kremildir.

Belə olan təqdirdə, tək təhlükə mənbəyi olaraq ortada Azərbaycan qalır. Qqarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının Ermənistan rərəfindən işğal olunması faktı iki ölkə arasında düşmən münasibətlərin əsasını qoyub. Ermənilərin işğalçılıq siyasətini qəbul etməyən və ən əsası ikman düşdükcə, İrəvana dərs verməyə çalışan Bakı, torpaqlarını geri almaq üçün ciddi cəhdlər edir. Üstəlik, bəyan edir ki, Qarabağ heç bir halda və şəkildə ermənilərə verilməyəcək.

Bütün bunlardan gəlinən yekun nəticə ondan ibarətdir ki, Sergey Şoyqunun İrəvanda verdiyi bəyanatda Ermənistanın rəhlükəsizliyi üçün risk təşkil edən ölkə elə Azərbaycandır. Çünki ortada Azərbaycandan başqa Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan başqa bir dövlət yoxdur. Və ya Şoyqunun bəyanatını belə oxumaq olar: “Ermənistanın təhlükəsizliyi üçün təhlükə törədən yeganə dövlət Azərbaycandır. Azərbaycana qarşı Rusiya Ermənistan ordusu ilə birlikdə mübarizə aparacaq və buna hazırdır”.

Beləliklə, Rusiyanın ikibaşlı oyunları davam edir. Ermənistana açıq dəstək verib, onun işğalçılığına haqq qazandıran Moskva, Bakıya da bəzi vədlər verməklə balansı qorumağa çalışır. Lakin Azərbaycan hakimiyyəti Kremlin bu hiyləğər oyunlarına xüsusi diqqət etməli, özünü qorumaqla yanaşı, daha etibarlı müttəfiqlər seçməyə hazırlaşmalıdır.

JAMAZ.İNFO

Posts Carousel

Xəbər lenti

Video xəbərlər