Rusiya Xəzərdən qovulur:QƏRB VƏ ÇİN BÖLGƏDƏ “SƏDD” QURUR

Rusiyanın tanınmış informasiya agentliklərindən biri olan “Regnum”da maraqlı məqalə yayımlanıb. JAMAZ.İNFO xəbər verir ki, Aleksandr Savelyev “Rusiya Xəzərdən “gedir” başlıqlı yazısında Kremlin bölgə ilə bağlı siyasətinin artıq işə yaramadığını və bu regionda uduzduğunu əsaslandırıb.  

Müəllif yazır ki, SSRİ dağılandan sonra Xəzər dövlətlərinin sayı 2-dən 5-ə çatdı. Ən qısa sahil isə 695 km-lə Rusiyaya çatdı ki, bu, müəllif tərəfindən məğlubiyyətin başlanğıcı kimi qeyd olunur.

Savelyev yazır ki, hər bir Xəzəryanı ölkə regionda öz maraqlarını həyata keçirmək üçün cəhd edir və bu səbəbdən də qlobal rəqabətdə iştirakçı qismində çıxış etməyə başlayır.

Müəllif qeyd edir ki, neft və qaz ehtiyatı ilə zəngin olan Xəzərin vacib bir əhəmiyyəti də, onun iri ticarət yollarının üzərində yerləşməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizində müstəsna rola malik olmasıdır. “Elə bu səbəbdəndir ki, Xəzər hövzəsi ABŞ, Avropa Birliyi və Çinin diqqətindən yayınmadı”.

Ssavelyev bildirir ki, ilk addım atan Azərbaycan olub. “BTC-nin inşası və istifadəyə verilməsi start düyməsiydi. Porsesdə amerikalılar, fransızlar, hətta yaponlar iştirak etsələr də, təkcə ruslar kənarda qalmışdı. BTC keçmiş SSRİ məkanında yeganə neft borusu idi ki, Rusiyaya qarşı olmaqla bərabər, həm də onun layihələrinə rəqib idi. Bu zaman ABŞ-ın Xəzər regionunu özünün milli maraqlarına daxil olduğu barədə bəyanat verməsi isə Rusiyaya vurulmuş ilk zərbə idi”.

Məqalədə daha sonra deyilir: “Neft və qaza gücləndikcə daha çox ehtiyacı olan Çin isə diqqətlə prosesləri izləyir və zaman içində addımlar atmağa hazırlaşırdı. Çünki onlara alternativ nəqliyyat dəhlizləri lazım idi. “Kəmər və yol” layihəsi təşəbbüsü ilə çıxış edən Pekin qısa müddətdə Qazaxıstan və Türkmənistanı öz tərəfinə çəkə bildi. Bu artıq Orta Asiyada Rusiyanın rəqibib peyda olması deməkdir”.

Hazırda Qazaxıstanda çinlilərə qarşı əhalinin ciddi narazılıq etdiyi diqqəti çəkdiyini yazan müəllif iddia edir ki, buna səbəb təkcə iqtisadi maraqların tapdanması yox, həm də Pekinin mütəmadi olaraq ölkənin siyasi arenasına soxulması və bəzi siyasi qüvvələrə dəstək verməsidir. “Türkmənistanda isə durum başqadır. Aşqabad indiyə qədər Çindən 10 milyard dollar kredit alıb. İstehsal etdiyi təbii qazın 80 faizini də Pekinə satır. Əhali heç bir etiraz etmir və bu barədə düşünən belə yoxdur”.

Savalyev vurğulayır ki, Çin bölgədə boş durmur və cəhdlərinə davam edir. Onun sözlərinə görə, İranla anlaşan Pekin neft-qaz və digər sahələrdə Tehran iqtisadiyyatına 280 milyard dollar investisiya qoyacağını bəyan edib. “Sanksiyalarla üzləşmiş İran üçün belə bir investisiya hava və su kimi vacibdir. Amma bu o demək deyil ki, İran Xəzərdəki mövqelərini Çinə verəcək. Tehran belə bir addım atmayacaq. Ona görə ki, İran bölgədə əsas rıçaqlarından birini itirmək fikrindən çox uzaqdır”.

Müəllif “Bəs, Rusiya nə edir?” və “Onlar anlamırlar ki, böyük oyunçular Rusiyanı Xəzər hövzəsindən sıxışdırıb çıxarır?” suallarını verir və qonşu ölkənin açıq şəkildə uduzduğunu yazır.

Savalyev daha sonra qeyd edir ki, Rusiyanın Qafqazda təkcə Ermənistana güvənməsi yanlışdır və bunun ciddi fəsadları olacaq. “Ermənistanla müttəfiq olmaq, həmin ölkədə hərbi bazaya sahib olmaq proseslərə nə qədər təsir edə bilər? Üstəlik, Ermənistanın yeni rəhbərliyi sözəbaxan olmadıqlarını nümayiş etdirirlər. Sözəbaxmayan müttəfiqin olması məgər yaxşıdır? Bu ölkəylə münasibətlərə yenidən baxmaq lazımdır”.

Yazının müəllifi sonda Rusiyanı gözləyən təhlükədən də bəhs edib: “Rusiya Xəzər bölgəsində mövqelərini möhkəmtlətməyə məcburdur. Bunun üçün öz maraqlarını təmin etmək məqsədi ilə addımlar atmalıdır. Özünün bölgədə yerini sərt şəkildə təmin etməlidir. Əks təqdirdə, Rusiya nəinki Xəzər hövzəsindən vurulub çıxarılacaq, hətta Volqaboyu əraziləri də təhdid altına düşəcək”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər