Regionu qana aparan qətl –AZƏRBAYCAN ÜÇÜN HANSI RİSKLƏR VAR?

İlin ilk hadisəsi Yaxın Şərqdə baş verən son proseslər oldu. Yeni ilin 3-cü günündə ABŞ-ın İranın bu bölgədəki əsas adamı, general Qasim Sülüymaninin öldürülməsi durumu daha kritik həddə çatdırıb. Günün əsas müzakirə mövzusu olan hadisənin təsirləri isə təkcə, bölgədə deyil, digər ölkələrdə, o cümlədən Azərbaycanda da hiss olunmaqdadır.  

Bundan sonra nə baş verəcək? İran nə edə bilər? Bu suallara indiyə qədər xeyli sayda müşahidəçi, siyasətçi və politoloqun verdiyi proqnozlar öz yerindədir. Lakin İranın son bəyanatları, qisas alacağını bildirməsi, hətta bunun üçün hərbi imkanlardan istifadə edəcəyini dilə gətirməsi sıradan bir yanaşma tələb etmir. Əksinə, gedişat təkcə, İraq və onun ətrafında deyil, eyni zamanda, bir qədər geniş coğrafiyada özünü göstərməyə başlayacaq.

Bütün bunların fonunda əsas məsələ isə İranla ABŞ arasında başlamış münaqişənin Azərbayacana təsirlərinin nədən ibarət olacağıdır.

İlk olaraq İranın konkret hansı maraqlarının olduğunu diqqətlə analiz etmək lazımdır. Q eyd edək ki, İran siyasi tarixdə həmişə “Asiyanın jandarmı” funksiyasını həyata keçirən dövlət olaraq tanınıb. Rza şah Pəhləvinin hakimiyyəti dövründə bu missiya daha təşəkkülü və geniş şəkildə özünü büruzə verirdi. Həmin vaxt bölgənin ən qanlı diktatorlarından olan Səddam Hüseyn belə İran şahından çəkinirdi. Çünki ABŞ-dan aldığı silahlar, habelə yürütdüyü sərt siyasət səbəbindən İranla baş etməyin mümkün olmadığını yaxşı anlayırdı. Hərçənd SSRİ İraqa o dönəmlərdə geniş hərbi və maliyyə yardımları göstərirdi.

Düzdür, İranda 1979-cu ildə baş vermiş islam inqilabından sonra Tehran “Asiya jandarmı” missiyasını həyata keçirməkdə ciddi çətinlik çəkməyə başladı. Bütün ərəb yarmadasını öz təsiri altında saxlamağı bacaran şahdan fərqli olaraq, yeni hakimiyyət bunu bacarmadı. Elə ilk onlara qarşı çıxan da İraq oldu və 8 illik müharibəyə start verildi.

İran-İraq müharibəsi başa çatdıqdan sonra özünü qismən toparlayan Tehran rejimi artıq yeni siyasi xəttini müəyyən etməyə başladı. Həmin siyasət də bu dəfə başqa bir ad altında elə “Asiyanın jandarmı” olmaq missiyasından fərqli deyildi. Unutmayaq ki, İran bölgədə yeganə dövlətdir ki, təkcə ideoloji inqilab etməyib, həm də həmin inqilabı başqa ölkələrə ixrac etməyə başlayıb. Məsələn, bu gün Yəməndə husilərin hakimiyyətə gətirilməsi, Suriyada İŞİD-lə mübarizə, bir zamanlar düşmən olduğu İraqın siyasi iqtidarının kim olmasını müəyyən etmək həmin ixracın təzahürləridir. Etiraf edək ki, Suriyada Bəşər Əsəd, İraqda hazırkı hakimiyyət məhz İranın dəstəyi sayəsində ayaqda qala bilib. Yoxsa, hər iki ölkə çoxdan İŞİD-in əsas dayaqlarından birinə çevriləcəkdi. Təkcə, Bağdadın İŞİD-in mühasirəsindən xilas etmək kifaəy edir ki, İraq hökuməti İrana minnətdar olsun.

Ancaq bütün bunların niyə edildiyi də kifayət qədər maraqlıdır. Bəli, İran rejimi “Asiyanın jandarmı” missiyasını həyata keçirməyə çalışır. Ancaq buna paralel olaraq özünün aqibətini də düşünmək məcburiyyətindən Suriya və İraqda mövcudluğunu göstərməkdən başqa çarə qalmamışdı. Bütün siyasi proseslərin gedişatı onu göstərirdi ki, əgər Suriya və İraq ABŞ və onun müttəfiqlərinin əlinə keçsəydi, bu artıq İrandakı rejimin sonu olacaqdı. Elə bu səbəbdən də Suriyada peyda olan Tehran, orada 12 min nəfərlik ordu saxlamaqla yanaşı, bölgədə dəstək verdiyi “Hizbullah” və digər təşkilatların da qüvvələrini cəlb etməyə start verməli oldu. İraqda yerləşmə isə şiə təəssübkeşliyi ilə əlaqəli deyildi. İran sadəcə sərhədlərinə qədər yaxınlaşmış təhlükəni önləmək üçün belə bir vasitədən yararlanmaq zərurətindəydi. Əks təqdirdə, daxildəki mövcud narazılıqla, kənardan gələn təhlükənin ortaq nöqtə taparaq, rejimi devirəcəyi qaçılmaza çevriləcəkdi.

Aydın məsələdir ki, belə vəziyyətdə maraqlar toqquşacaqdı və ABŞ onun arzuladığı ərazilərdə İranın “at oynatması”na imkan verməyəcəkdi. SEPAH-ın “Qüds Korpusunun” komandanı Qasim Süleymaninin öldürülməsi də xəbərdarlıq idi ki, bununla İranın Yaxın Şərqdəki “əlini kəsilməsi” heç də xoş olmadı. Əksinə, teokratik rejim üçün ABŞ-ın onun nəzarətində olan və “qulağının dibində” ən etibar etdiyi adamını öldürməsi onun nüfuzunun yerlə bir olması anlamına gəlir. Ona görə də, buna qarşılıq vermək üçün bütün variantları nəzərdən keçirməli olacaq.

İran ABŞ-a nə edə bilər? İndiki vəziyyətdə Tehrandan hər cür dəlilik gözlənmək mümkündür. Nəzərə alaq ki, Süleymaninin ölümü daxildə mollah iqtidarının nüfuzuna da ciddi zərbə oldu. Yəni, indiyə qədər silahlanan bir ölkənin iqtidarı özünü güclü göstərdiyi bir vaxtda, ABŞ-ın onun əsas fiqurunu öldürməsi əhalidə ona olan etimadı kritik həddə qədər azaltmış olacaq. Küçələrə minlərlə insanın çıxması hələ o demək deyil ki, onların hamısı birmənalı olaraq rejimi dəstəkləyir.

Tehran hərbi gücdən istifadə edəcəyini bəyan etməklə bir çox hədəfləri göstərib. İraq və Suriyada ABŞ bazalarının təhdid altında olduğu inkar edilə bilməz. Bundan başqa, İran bölgədə ABŞ-ın xeyrinə çalışan MKİ əməkdaşlarının bir-bir aradan götürülməsi üçün fəaliyyətə başlayacaq. İndiyə qədər “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə hərəkət edən tərəflərin toqquşacağı şübhəsizdir.

Tehran indiki şəraitdə ABŞ-ın hərbi donanmasına raket zərbəsi endirə biləcəyi inandırıcı görünmür. Bu son anda veriləcək qərara bağlı məsələdir. Yəni, SEPAH son vasitə olaraq bu planı işə sala bilər. Ancaq Tehran Hörmüz boğazında yenidən neft daşıyan gəmilərin batırılması prosesinə start verə bilər. İndiyə qədər İingiltərə gəmisini saxlaması, ardından da Yaponiyaya məxsus neft tankerinin batırılması bunun əyani sübutlarıdır. İranın bu hərəkəti ABŞ-ın neftə olan tələbatının qarşısını almaqdır ki, bu da Vaşinqton üçün arzu edilməyən haldır.

İranın sonuncu həmləsi isə ən sona saxlanılmış plandır ki, bunun da Azərbaycana təsirsiz ötüşəcəyi istisna deyil. Belə ki, İran açıq döyüş meydanında ABŞ-la bacara bilməyəcəyini yaxşı anlayır. Həm hərbi texniki imkanlar, həm də digər nəsnələr Tehranı açıq döyüşdən çəkindirəcək. Amma bu ABŞ-ın həmlə etməyəcəyi anlamına gəlməməlidir. Çünki Ağ Ev bəyan edib ki, onların hərbi planları hazırdır və İranı vuracaqlar. Belə olan təqdirdə, İran ona edilən hücuma daxildən deyil, xaricdən cavab verməyə start verəcək. Məsələn, Yəməndəki Husilərin əliylə Səudiyyəyə edilən hücumları intensivləşdirib, oradakı strateji obyektləri sıradan çıxarmağa başlayacaq. Və ya İraqdakı ABŞ bazaları, habelə Fars körfəzindəki hərbi gəmilərin raket hücumuna məruz qalması reallaşacaq. Hizbullahın İsrail üzərinə hücuma keçməsi də bu qəbildəndir. Bəhreyn, Qətər və digər ərəb dövlətləri üzərindən nələrin ediləcəyi məsələsi isə sual olaraq qalır.

Amma İranın ən təhlükəli planı son anda çevrədəki ölkələrdə iğtişaşlar törədə biləcəyidir. Belə ki, bu batmaqda olan gəmini müvəqqəti qorumaq üçün nəzərdə tutulmuş vasitə kimi qiymətləndirilməlidir. Məlumdur ki, İranın təsir imkanları təkcə Yaxın Şərqi əhatə etmir. Həmçinin Orta Asiya və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə ciddi dayaqları var. Qonşu Gürcüstanda belə İran tərəfdarlarının sayı həddindən artıq artmağa başlayıb. Bura Türkiyə və digər ölkələri də əlavə etsək, həmin ölkələrdə İran tərəfdarlarının iğtişaşlara başlaması, təkcə həmin ölkələr üçün deyil, elə ABŞ-ın özü üçün də ciddi təhlükədir. Ona görə ki, bu bölgədə durumun qəlizləşməsi ABŞ-ın maraqlarına cavab vermir. Üstəlik, onun regiondakı hərbi və digər güclərinə əsaslı zərbə vura bilər. Buraya enerji layihələri və digər iqtisadi məsələləri də əlavə etsək, ABŞ onların vurduğu fəsadları aradan qaldırmaq və ya başlanan prosei önləməyə böyük enerji və vəsait sərf etmiş olacaq. Bu da İrana bir müddət nəfəs almağa, habelə özünü toparlamağa imkan verəcək.

Yekun olaraq bir məsələni diqqətinizə çatdıraq: İrandakı hazırkı rejimin ən böyük problemi o deyil ki, onlar hakimiyyətdən gedəcəklər. Əksinə, onların ən böyük problemləri hakimiyyətdən gedəcəkləri təqdirdə, harada məskunlaşa biləcəkləridir. Ölkənin daxilində onlara aman verilməyəcək. Əhalinin onlardan narazılığı pik həddindədir. Yaxın və uzaq dövlətlərə qaçması isə imkansızdır. Çünki ya həmin dövlətlərlə ciddi problemləri var, ya da həmin ölkələr hazırda Amerikanın hədəfindədir. Ona görə də, İran hakimiyyəti ən maksimum dərəcədə müqavimət göstərməyə çalışacaq. Hətta böyük qanlar bahasına olsa belə.

JAMAZ.İNFO

Posts Carousel

Xəbər lenti

Video xəbərlər