Rəfail Cəbrayılova cinayət işi açılacaqmı?

  • SİYASƏT
  • 03.10.2019 09:18
  • 71 dəfə oxundu

Ötən həftə gündəmin əsas mövzusu deputat Rafael Cəbrayılovun mandatdan imtina etməsi oldu. JAMAZ.İNFO xəbər verir ki, sabiq deputatın bu addımı MSK tərəfindən də təsdiqlənib və onun mandatı əlindən alınıb. MSK-nın qərarına görə, Cəbrayılov qeyri-səmimi davranıb və ona verilmiş mandatdan kənar məqsədlər üçün istifadə edib. 

Bu əsnada hakim Yeni Azərbaycan Partiyası da sabiq deputatı sərt tənqid edib. Partiyanın mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb: “Biz bu hərəkəti nəinki hüquqazidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”.

Xatırladaq ki, Rəfael Cəbrayılov deputat olduğu müddətdə dəfələrlə adı müxtəlif qalmaqallarda hallanıb. Bir neçə il öncə onun banklara da kələk gəldiyinə dair faktlar ortaya çıxmışdı. Sentyabrda isə bir neçə vətəndaş, əsasən xanımlar məhkəməyə, mətbuat orqanlarına müraciət edərək, R.Cəbrayılovun onlardan aldığı borcu geri qaytarmadığını bildiriblər. Sabiq deputatın borc sahibləri ilə mübahisələrini əks etdirən videolar da mediada yayılmışdı.

Bildirək ki, hadisələrin bu şəkildə gedişatı onunla bağlı yeni bir versiyanın gündəmə gəlməsinə səbəb olub. Belə ki, bəzi mətbuat orqanları Rafael Cəbrayılovun həbs olunacağını iddia edirlər. Sabiq deputat həbs oluna bilərmi? Qeyd edək ki, indiyə qədər mandatı əlindən alınmış deputatların həbs olunması məsələsi praktikada olub. Lakin onların heç biri biznes fəaliyyətinə görə baş verməyib. Məsələn, hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev Milli Məclisdə dava saldığına görə, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Rəfail Cəbrayılovun barəsində cinayət işinin açılıb-açılmayacağı sual altındadır. Hərçənd sabiq deputat kimsəni aldatmadığını, deputat vəsiqəsini girov qoymadığını, heç kimdən pul almadığını iddia edir. Əgər bu deyilənlər təsdiqini taparsa, o zaman onunla bağlı cinayət işinin açılması qaçılmaz olacaq. Deputat mandatının girov qoyulması, müqabilində pul götürülməsi özü qanun pozuntusudur. Eyni zamanda, deputatın bizneslə məşğul olması da qanunla qadağan edilir. 

Müşahidəçilər deyir ki, Baş Prokurorluq bununla bağlı araşdırma apara bilər. Belə ki, qanunun tələblərini pozuduğuna görə, onunla bağlı məsuliyyət yaranır ki, bunu da prokurorluq dəqiqləşdirdikdən sonra sənədləri məhkəməyə göndərməlidir. Yekun qərarı isə məhkəmə verməlidir.  

Posts Carousel

Xəbər lenti

Video xəbərlər