Qorxulu xəbər:Bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

  • GÜNDƏM
  • 08.12.2019 13:25
  • 23 dəfə oxundu

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib. 

N.Paşayevin sözlərinə görə, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin təkrarlanması xarakterik hal sayılır. Respublikada Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir. 

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşür: "Aparılan tədqiqatlar göstərir ki, bu regionda güclü zəlzələlərin təkrarlanması 30-50, bəzən də 100 ildə bir dəfə baş verə bilər". 

Alim əlavə edib ki, Azərbaycanda güclü zəlzələ ocaqları Xəzər dənizinin cənubu, cənub-şərqi, şimal hissələrini əhatə edir. Potensial gücə malik zəlzələ ocaqları (9 bala qədər) Xəzər dənizində yerləşdiyindən respublikanın digər regionları ilə müqayisədə Abşeronda, o cümlədən Bakı şəhər aqlomerasiyasında hətta 5-6 ballıq zəlzələlər təsərrüfat sahələrinə və əhali məskunlaşmasına ciddi ziyan vura bilər. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər