Qonşuda bişən “aş”, qazan qaynayır-İRAN DURUŞ GƏTİRƏ BİLƏCƏKMİ?

ABŞ-la İran arasında son illər yaşanan gərginlik artıq düşmənçilik həddinə qədər yüksəlib. Ddüzdür, İran 40 ildir ABŞ-ı özünün bir nömrəli düşməni kimi görür və bu ölkəni “şeytan yuvası” adlandırır. Lakin ABŞ-ın düşmənçiliyi bölgədə bəzi hesablarının gözlənilmədən pozluması ilə bağlıdır.  

2003-cü ildə İraqı ələ keçirən Vaşinqton orada uzun müddət mənzillənə biləcəyini qətiləşdirmişdi. Lakin qısa müddətdə 3000 əsgərinin öldürülməsi səbəbindən ölkəni tərk etdi, yalnız kiçik bir birlik saxlamaqla kifayətləndi. Əvəzində İran İraqda qərarlaşdı, hətta hərbi kontingent sahibinə çevrildi.

ABŞ-ın ikinci planı Yaxın Şərqlə bağlı idi. Qətər və Yəməni sıxdığı və oranı da tam ekspansiyası altına almağa çalışdığı bir vaxtda İran Sənada husiləri hakimiyyət başına gətirdi, üstəlik, onları silahlandırdı. Qətərin ərzaqla təmin edilməsi missiyasını da Türkiyə ilə birlikdə üzərinə götürən İran bununla Ağ Evin gözünün düşməninə çevrildi.

Livanda Hizbullahın əsas dəstəkçisi olan İranın, Bəhreyn və Şimali Aafrika ölkələrində də lojistik dəstəklərinin olması ABŞ-ın bir çox planlarının pozulması idi ki, bunun üzərinə bir də nüvə və neft məsələlərini əlavə etsək, o zaman mənzərə tam aydın olar. Hazırda ən sərt sanksiyalara məruz qalan Tehranı, yaxın gələcəkdə BMT-nin sanksiyaları da təhdid edir. Çünki ABŞ birmənalı olaraq İranı dünyadan təcrid etməklə, tam çökdürmək planını işə salıb. BMT-nin də əsas söz sahibi ABŞ olduğundan bu təhlükənin İranı gözlədiyini demək elə də çətin deyil.

ABŞ-ın sanksiyaları təbii ki, İranı ciddi problemlərlə üz-üzə qoyub. Tehran hakimiyyəti hər nə qədər özünü tox tutsa da, son bir ildə iqtisadi sahədə aldığı zərbələrin sıxıntılarını yaşayır. Yerli valyutanın 70 faiz dəyərdən düşməsi, infliyasiyanın 50 faiz həddinə qədər yüksəlməsi bunun sübutlarından biridir. Bundan başaqa, İran iqtisadiyyatı bu il 14 faiz kiçilərək, 15 faizlik həddə düşüb. İllik ÜDM-in həcmi də xeyli azalaraq, 9.5 faiz səviyyəsinə çatıb. İşsizlik isə ötən ilə nisbətən 10.5 faizə qalxıb. Bu da ölkədə orta hesabla 2.5 milyon işsizin olması deməkdir.

İranda iğtişaşlara səbəb olan benzinin bahalaşması da sanksiyaların təsiridir. Hökumət büdcəni doldura bilmədiyindən benzinin qiymətini 3 dəfə bahalaşdırmaqla, vəziyyətdən çıxmağa çalışdı. Ki, bu da böyük problemləri özüylə gətirməyə başlayıb. Artıq əhalinin etirazları təkcə sosial və iqtisadi mahiyyət daşımır. Eyni zamanda, əhali siyasi tələblərlə çıxış edir. Həmin tələb də odur ki, İrandakı hazırkı rejim getməli, öz yerini respublikaçılara verməlidir.

Ölkəni idarə edən əsas qüvvə, İranın ali dini lideri Əli Xamineyi sərt islahat tərəfdarıdır. O yaranmış vəziyyətdən çıxmaq üçün yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, yerli sahibkarlara da xüsusi imtiyazların verilməsini istəyir. Xamineyi tərəfdarları hesab edir ki, yeni sahələrin yaradılması, həm iqtisadi artıma, həm də işsizliyin aradan qaldırılmasına gətirib çıxacaq. Bundan əlavə, ölkədə pul kütləsinin daha çox tədavülə buraxılması fikri də, diqqəti çəkir.

Lakin prezident Həsən Ruhani tərəfdarları bunun əleyhinədir. Onlar islahatların daha sistemli şəkildə aparılmasına cəhd edirlər. Belə ki, Ruhani hökuməti yerli sahibkarlara bütün şəraitin yaradılmasını, ticarəti daha da gücləndirilməsi ilə yanaşı, yerli pulun dəyişdirilməsinə tərəfdardır. O bəyan edir ki, bütün bunlarla yanaşı, Avropa dövlətləri ilə münasibətləri tənzimləməli, onlarla ticarəti genişləndirmək lazımdır. Bunu etməkdə məqsəd valyuta axını üçün zəruridir.

Qeyd edək ki, İran son bir ildə neft hasilatını 70 faiz aşağı salmalı olub. Elə bir o qədər də satış azalıb. Halbuki Tehran hər il neftdən əldə etdiyi gəlirin hesabına ölkədəki iqtisadi vəziyyətə çəki-düzən verirdi. Hazırda isə durum daha kritikdir və ölkəyə axan xarici valyuta o qədər azdır ki, dövlətin özünün təlabatını belə ödəyə bilmir.

Bəs, ABŞ və ümumilikdə Qərb bununla bağlı nə düşünür? Bildirək ki, İran məsələsində Avropa ilə ABŞ-ın fikirlərində ciddi fərq var. Ağ Ev Tehrana qarşı sərt yolun tutulmasının, hətta hərbi vasitələrdən istifadə edilməsinin tərəfdarıdır. Eyni zamanda, Vaşinqton bəyan edir ki, iqtisadi və siyasi sanksiyalar milyonlarla insanın ac qalmasına səbəb olsa da, yekunda onların “azadlığa” çıxmalarını təmin edəcək. Onların məntiqinə görə, bir müddət belə davam edərsə, İran hakimiyyəti çökəcək və inqilab baş verəcək. Və bundan sonra İranda yeni hakimiyyətin qurulmasına start veriləcək ki, onun da başında Ağ Evin özü dayanacaq.

Avropa ölkələri isə bunun əleyhinədir. Onlar hesab edirlər ki, İranı bu şəkildə sıxmaq yaxşı perspektiv vəd etmir. Avropalı siyasətçilərin fikri budur ki, İranla münasibətləri normal səviyyədə saxlamaqla, onunla ticarət etməklə bir çox nəticələr əldə etmək olar. Məsələn, Avropanın ən çox istədiyi amil odur ki, Tehran hakimiyyəti və cəmiyyəti dünyaya inteqrasiya etsin və açılımlar başlasın. Bu açılımlar istər siyasi, istərsə də mədəni səviyyədə ən yüksək həddə çatsın. Belə olan təqdirdə, İranın müasir vizion əldə edəcəyi, özünü Avropada yaşayanlar kimi görmək üçün mübarizə aparacağı düşünülür.

Bəzi müşahidəçilər isə deyirlər ki, hazırkı vəziyyətdə İranın təzyiqlərin qarşısında duruş gətirməsi hələlik daxili resursların hesabınadır. Lakin onlar hesab edirlər ki, yaxın gələcəkdən etibarən ölkənin içində ciddi problemlərin baş qaldıracağı qaçılmazdır. Artıq ölkədə lidersiz də olsa müxalifətin yetişdiyini vurğulayan ekspertlər, tezliklə onların özündən lider çıxacağı da istisna edilmir. Ona görə də, düşünürlər ki, yaxın gələcəkdən etibarən İrandakı hazırkı rejim iki cəbhədə döyüşməli olacaq. Birincisi, xarici qüvvələrdir ki, onun da başında ABŞ dayanır. İikincisi isə daxildə formalaşan və heç nədən çəkinməyən müxalifət. Hələlik onun başında heç kim dayanmır, amma tezliklə liderləri də ortaya çıxacaq.

Belə olan təqdirdə, İran hakimiyyəti bu təzyiq və güclərin qarşısında duruş gətirə biləcəkmi? Suala birmənalı cavab vermək mümkün deyil. Lakin gedişat heç də Tehran iqtidarı üçün yaxşı perspektiv vəd etmir.

JAMAZ.İNFO

Posts Carousel

Xəbər lenti

Video xəbərlər