Polisdən əxlaqsızlığa qarşı mübarizə -KÖKÜNÜ KƏSMƏK OLACAQMI?

Məlum olduğu kimi, Bakı Şəhər Baş Polis İdarəsi ötən gün məlumat yayaraq bildirdi ki, sentyabrın 2-dən başlayaraq Bakıda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizəni gücləndirib. 

Qeyd olunub ki, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində - gecə klublarında, barlarda, otel və motellərdə - mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var: "Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən Səbayel rayonu ərazisində yerləşən ”Fəvvarələr meydanı" və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb".

Bəzi hüquqşünaslar isə bildirib ki, Azərbaycan qanunvericiliyində ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallar nəzərdə tutulmayıb və ona görə onlara qarşı mübarizənin necə aparılması aydın deyil.

Məsələn, hüquqşünas Əsabəli Mustafayev "Amerikanın səsi”nə danışaraq qeyd edib ki, polis əxlaqsız hərəkətlərlə bağlı reyd keçirərkən ilkin olaraq standartlar müəyyən edilməlidir: "Burada şəxsi həyata müdaxilə problemi ortaya çıxa bilər. Çünki gecə barlarında, restoranlarda olan adamlar öz hüquqlarından istifadə edir. Ona görə onlar hər hansı bir ictimai qaydanı pozmurlarsa, əxlaqsız hərəkətlər... Əxlaqsız hərəkətlər deyəndə, bu, qeyri müəyyən məsələdir. Hərənin öz standartları var, əxlaqla bağlı. Çünki əvvəllər keçirilən belə tədbirlərdə şəxsi həyata müdaxilələrlə bağlı qanun pozuntuları baş verirdi”.

Hüquqşünas Samirə Ağayeva isə qeyd edib ki, ölkə qanunvericiliyində ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallar nəzərdə tutulmayıb. Bu haqda "Turan”a danışan hüquqşünas qeyd edib ki, bu, faktiki olaraq, bəzi ölkələrdə fəaliyyət göstərən əxlaq polisinin yaradılması deməkdir: "Qeyd edilən ”əxlaq" meyarları barədə ictimaiyyətə açıqlama verilməlidir. Həmin əxlaq normalarına nəyin daxil olduğu və onların pozulmasının hansı meyarlarla müəyyən ediləcəyi bilinmir. Bu, qısa paltar olacaq, yoxsa əl-ələ tutma?"

Beləliklə, polisin paytaxtın mərkəzi küçələrində, diskoteka və barlarında ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı (onları "gecə kəpənəkləri”də adlandırırlar) reyd keçirməsi müzakirələrə səbəb olub.

İxtisasca hüquqşünas olan deputat Fazil Mustafanın mövqeyi belə olub: "Bütün vətəndaşların yoxlamaları qanunvericiliyə uyğun həyata keçirilməlidir. Polis bar və diskotekalarda narkotik vasitələrin istifadəsi, satışı və əxlaqsızlığın yayılmasına qarşı mübarizə kontekstində bu məsələyə baxa bilər. Çünki bizdə əxlaq polisi olmasa da, əxlaqsızlıq yuvalarının saxlanılması və onların müəyyən qədər idarə olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan normativ əsaslar var. Yəni buna yönəlik tədbirlər həyata keçirilə bilər. Yoxsa ki, kiminsə bara girib-çıxması, spirtli içki qəbul etməsi və yaxud vaxt keçirməsinə görə polis hər hansı şəkildə buna müdaxilə edə bilməz. Milli mentalitetə, mənəviyyata zidd hərəkətlərin qanunvericilik əsası yoxdur və hər hansı şəkildə bunun heç nə izahı, nə də fəlsəfi açıqlaması var. Görünür ki, bu məsələyə yenidən daha aydın izah vermək lazım olacaq. Çünki qanunvericilikdə nəzərdə tutulan normaların dəqiq adı bütün çağırışlarda dəqiq şəkildə əks olunmalıdır”.


Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi: "Adətən bu cür reydlər, tədbirlər qəfildən kiminsə istəyi ilə həyata keçirilmir. Əvvəla, ölkədə humanitar siyasətin özünün dəyişməsindən söhbət getməlidir. Bu cür məsələlər ilə bağlı ölkənin humanitar sahədə öz xətti olmalıdır. Ölkədə mənəviyyat, əxlaqla bağlı çox ciddi problemlər var və bununla bağlı tədbirlər həyata keçirilməsinə ehtiyac var. Min illərin təcrübəsi də onu göstərir ki, o cəmiyyətdə ki, mənəvi dəyərlərə, əxlaqa üstünlük verilir, o cəmiyyət öz-özünü tənzimləyə bilir. Amma cəmiyyətdə mənəviyyat, əxlaqla bağlı məsələlər özbaşına buraxılıb, orada hər zaman gərginlik, problemlər yaranır. Ona görə də lazımdır ki, bu istiqamətdə millətimizin ənənəsinə, əxlaqına, mentalitetinə uyğun xətt yaradılsın. Bu istiqamətdə ciddi platformamız, aydın bir sosial xəritəmiz olmalı idi. O zaman aydın olardı ki, hansı qanunların qəbul edilməsinə, hansı məsələlərdə hüquq-mühafizə orqanlarının müdaxiləsinə ehtiyac var. Bunun üçün də düşünürəm ki, Bakıda mənəviyyat, əxlaqla bağlı fayda verəcək işlərə ehtiyac var, amma bunun üçün əvvəl siyasi, hüquqi baza lazım olmalıdır. Məsələn, bar və diskotekalarda baş verən neqativ halları mətbuat və yaxud sosioloqlar tənqid edə bilər. Lakin bununla bağlı müəyyən tədbirlər həyata keçirmək üçün hazırlıqlar olmalıdır. Bara, diskotekaya gedən də bilməlidir ki, onun hansı hüquqları var, nəyin üstündə onu cəzalandıra bilərlər və sairə...”

musavat.com

Posts Carousel

Xəbər lenti

Video xəbərlər