Pilotların havada qorxduqları əsas “düşmən”:MN-in AÇIQLAMASI NƏ QƏDƏR REALDIR?

İyulun 24-də Xəzər dənizi üzərində gecə hərbi təlimləri zamanı qəzaya uğramış MiQ29 təyyarəsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumat cəmiyyət tərəfindən birmənalı olaraq qarşılanmayıb. Belə ki, həmin açıqlamada təyyarənin havada quş dəstəsi ilə toqquşduğunu, pilotun vəziyyətdən çıxmaq üçün cəhd göstərdiyi, lakin xəsarət aldığından heç bir iş görə bilmədiyi və təyyarənin parçalanaraq sıradan çıxdığı qeyd olunur. Müşahidəçilər və vətəndaşlar isə hərbi təyyarənin havada quşla toqquşaraq, qəzaya uğramasını qeyri-ciddi qəbul edir, hətta bu məsələyə görə Müdafiə Nazirliyini ələ salırlar.  

Versiyalar hansılardır?

Qeyd edək ki, indiyə qədər MiQ29 hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı iki əsas versiya var. Onlardan biri Rusiya tərəfindən təyyarəmizin vurulmasıdır. Bu məsələ elə ilk gündən müzakirəyə çıxarılmışdı. Hətta bəzi hərbçilər israrla bu versiyanı dəstəkləyirdi.

İkinci verisya isə ondan ibarət idi ki, MiQ29 təyyarəsi köhnə olub və texniki nasazlıq səbəbindən uçuş zamanı qəzaya uğrayıb. Hal hazırda da hər iki versiya öz gücünü qoruyub saxlayır və müzakirələrin əsas predmetidir.

Onu da bildirək ki, texniki nasazlıq məsələsi aktuallıq dərəcəsinə görə, günə əsas ağırlığını qoyub. Böyük əksəriyyət də o fikirdədir ki, Müdafiə Nazirliyi köhnə təyyarələri təzə adı ilə alıb və nəticədə belə hallar yaşanır. Müdafiə Nazirliyi isə bəyan edir ki, qəzaya uğramış MiQ29 təyyarəsi texniki cəhətdən saz və döyüş hazırlığı yüksək olub.

Quşla təyyarə toqquşarsa nə baş verə bilər?

Müdafiə Nazirliyinin açıqladığı “MiQ29 təyyarəsi havada yad cismlə (quş və ya quş dəstəsi) toqquşaraq qəza keçirməsi ilə bağlı məsələni JAMAZ.İNFO araşdırıb. Dünya praktikasından və baş verən hadisələrin təhlilindən görünən odur ki, ən aparıcı mütəxəssislər istər mülki, istərsə də hərbi təyyarələrin havada quş və quş dəstəsi ilə toqquşmasını olduqca təhlükəli hesab edirlər. Onlar qeyd edirlər ki, quş kiçik və yumuşaq, təyyarə isə böyük və sərtdir.

Mütəxəssislər bildirir ki, havada çəkisi 5 kiloqram olan quşla saatda 270 km sürətlə gedən təyyarənin toqquşması əsl zərbədir. Bu ona bənzəyir ki, 10 kq-lıq dəmir parçası 15 metr hündürlükdən düşür.

Onların rəyinə görə, quşlar əsasən təyyarənin kabinəsinə, bir qismi isə onun korpusuna çırpılırlar. 51 faiz toqquşmalar mühərrik istiqamətindən olur.

Rəsmi statistikaya görə, indiyə qədər təyyarə ilə quşların toqquşmasının 40 faizi mühərriklə, 33 faizi qanadla, 16 faizi kabinanın şuşəsi, 7 faizi isə fyuzelajla olur. Hərbi təyyarələrdə isə bu rəqəmlər bir qədər fərqlidir. Belə ki, toqquşmalar əsasən 55 faiz mühərriklə, 11 faiz fyuzelajla, 10 faiz kabinanın şüşəsi ilə, 14 faizi isə qanadlar və sükanla olur.

Toqquşma baş verdikdə təyyarənin kabina şüşəsinin qırılması baş verə bilər. Bunun üçün çırpılan quşun çəkisi və ya quşların sayı mühümdür. Bu zaman çatların yaranması qaçılmazdır. Çatlar əmələ gələrsə, havada təyyarənin yüksək sürətlə hərəkət etməsi nəticəsində parçalanmaya gətirib çıxarır.

Toqquşma zamanı quşların mühərrikə daxil olması isə ən təhlükəli hadisə sayılır. Çünki bu zaman mühərrikin turbinləri sıradan çıxır və yanğın baş verir. Yanğını mühəndisələr havadaykən söndürə bilirlər. Lakin mühərriki təmir etmək adətən mümkün olmur. Belə olan halda qəzaların baş verməsi qaçılmaza çevrilir. Təcrübə göstərir ki, belə vəziyyətlərdə pilotlar ən yaxın aeroporta eniş edirlər.

30 mm-lik mərmi effekti

Mütəxəssislər deyir ki, quşla təyyarənin toqquşmasına adi hal kimi baxmaq yanlışlıqdır. Bəzi mütəxəssislər isə iddia edirlər ki, bir quşla təyyarənin toqquşması 30 millimetr kalibirli mərminin vurduğu zərəri vura bilir.

Bunun nə dərəcədə doğru olduğu barədə nəsə deyə bilmərik. Amma bunu istisna etməmək də lazımdır.

Hansı quşlar havada daha təhlükəlidir?

Mütəxəssislərin araşdırmalarına görə, hal hazırda istehsal edilmiş təyyarələrin çəkisi 1.8 kq-a qədər olan quşlarla toqquşması dəhşətli hal sayılmır. Daha doğrusu, təyyarələrin korpus və mühərrikləri bu qədər çəkisi olan quşlarla toqquşmaq üçün möhkəmlədilib.

Onlar vurğulayırlar ki, çəkisi 2 kq-dan çox olan quşlar olduqca təhlükəlidir. Xüsusən də, bu sırada çəkisi 3 kq olan qazlar daha təhlükəli sayılırlar. Mütəxəssislərin qənaətinə görə, qazla havada toqquşan təyyarələrin qəzaya düşməsi qaçılmazdır. Hətta buna misal olaraq “Ural Aerolines”in təyyarəsinin qaz sürüsü ilə toqquşmasını göstərirlər. Həmin vaxt təyyarə havadaca sıradan çıxaraq, yerə çırpılmışdı.

Bu əsnada onu da vurğulayaq ki, mühəndislər təyyarənin quşla toqquşmasında əsas cəhət bu toqquşmanın uçağın konkret olaraq hansı hissəsi ilə baş verməsidir. Onlar qeyd edirlər ki, əgər toqquşma mühərrik istiqamətindən baş veribsə, qəza qaçılmazdır və təyyarəni xilas etmək çox vaxt mümkünsüzə çevrilir.

Azərbaycanda quşların köçü nə zaman başlayır?

Məlumdur ki, Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, quş dəstəsi təyyarə ilə toqquşub. Bunun Xəzər dənizinin üzərində baş verməsi isə çoxlarında şübhə yaradıb. Və bu şübhə belə arqumentləşdirilir ki, Azərbaycanda quşların miqrasiyası başlamayıb və bunun üçün hələ tezdir. JAMAZ.İNFO bununla bağlı da kiçik bir araşdırma aparıb.

Vikipedia materiallarında qeyd edilir ki, Azərbaycanda quşların köçü ildə iki dəfə baş verir. Birincisi yaz, iknicisi isə qış aylarında baş verir. Məhəlli köçmələr isə, yəni qida bazası azalmış quş yaşama regionunu yayın ortasından yaza qədər davam etdirir.

Həmin məlumatlarda vurğulanır ki, bəzi quşlar gecə, bəziləri gündüz, bəziləri isə gecə və gündüz miqrasiya edir. Gündüz miqrasiya edənlər əsasən iri quşlardır (durna, leylək, flaminqo). Lakin bəzi xırda quşlar da gündüz köçürlər: vələmirquşu, turağay, qaratoyuq, qaranquş, uzunqanad və s. Bunlar tez-tez dayanıb qidalanır, gecələyir və dincəlir.

Gecə və gündüz tədricən miqrasiya edənlər çox deyil: sığırçın, bəzi ördək növləri, cüllüt və s.

Bir sıra quşlar isə gecə miqrasiya edir: cücüyeyən xırda quşlar, bir sıra dənyeyənlər, bataqlıq quşları və s. Bunlar gündüz qidalanır və dincəlir. Gecə miqrasiya edən quşlar özlərini yırtıcılardan yaxşı qoruya bilir.

Bildirək ki, quşların miqrasiyasının dəniz səviyyəsindən hündürlüyü müxtəlifdir. Çox hündürdə (5000-6000 m) miqrasiya edən quş azdır: bəzi qazlar, cüllütlər, odquyruq və s. Radiolakatorlardan müşahidə aparmaqla müəyyən edilib ki, okean üzərindən miqrasiya edən quşlar adətən 450-750 m hündürlükdə uçurlar. Quru sahədə xırda quşlar 100 m-dən alçaqda uçurlar. Pis hava şəraitində daha da alçaqdan miqrasiya edirlər.

Quşların uçma sürətinə gəldikdə isə ördəklər saatda 90, cüllütlər 70, xırda quşlar 50 km sürətlə uçur. Gecə miqrasiya edən quşların sürəti gündüz köçənlərə nisbətən çoxdur.

P.S. Xatıradaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ29 hərbi təyyarəsi ilə gecə təlim uçuşları zamanı qəfil əlaqə itib. Avqustun 20-dək aparılan axtarışlardan sonra təyyarənin düşdüyü yer müəyyən edilib, onun və pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb. Zabitimiz dünən II Fəxri Xiyabanda dəfn olunub.


JAMAZ.İNFO 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər