Ölkənin fındıq bazarında inhisarçılıq, yoxsa...

Mövsümün ortasında qiymətlərin salınmasını fermerlər monopolizmlə əsaslandırırlar 

Azərbaycan fındığının əsas ixrac bazarı Rusiyadır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycandan təmizlənmiş fındıq ixracı 18 223,1 ton təşkil edib. Bunun 9 min 388,9 tonu Rusiyanın payına düşüb. Bu zaman 1 kiloqram ləpənin qiyməti orta hesabla 4,8 dollar olub. Ondan sonra gələn İtaliyaya ixracat 3 min 682 ton olub - 1 kq 5,5 dollara. 2017-ci ildə isə Azərbaycan İtaliyaya 9 min tondan artıq fındıq ləpəsi ixrac etmiş və ixracatçılar bundan təqribən 54 milyon dollar qazanmışdılar. İtaliyaya ixracın azalmasının əsas səbəbi Avropa Komissiyasının fındığın tərkibindəki aflotoksin adlı maddənin miqdarına dair tələbləri sərtləşdirməsidir.

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun dediyinə görə, Avropa ölkələrində Azərbaycanın fındıq ixrac etdiyi əsas bazarları İtaliya və Almaniyadır. Hər iki ölkənin Azərbaycandan fındıq idxalı ilə bağlı istəkləri böyükdür: “Lakin bizim gücümüzün həddi var. İtaliya və Almaniyanın Azərbaycandan idxalı ümumilikdə 8-12 min ton arasındadır. Düşünürəm ki, bu ayın sonunda Avropa bazarlarına ixrac reallaşacaq”.

İ.Orucov qeyd edib ki, aprel ayının soyuq keçməsi bu il məhsuldarlığa təsir edib: “Azərbaycan ortalama 20-21 min ton fındıq ixrac edirdisə, bu il 17-18 min ton ixrac olacağını gözləyirik”(Report).

Xatırladaq ki, bu ilin birinci yarısında Azərbaycan xaricə12 min 248,4 ton fındıq ləpəsi ixrac edib. Bu zaman ilk üçlükdə yenə Rusiya (5254,03 ton), İtaliya (4124 ton) və Almaniya (1734,72 ton) qərarlaşıb.

Onu da qeyd edək ki, fındıq yığımının başlandığı ilk vaxtlarda qiymətlər fermerləri qane edən səviyyədə olsa da, avqustun sonlarında ciddi enmə müşahidə olunub.

Səbəb kimi isə qonşu Türkiyədə qiymətlərin düşməsinə dair bəzi xəbərlərin yayılması göstərilir. Belə ki, bu mövsüm Türkiyədə məhsuldarlıq çox yüksək olub və rekord həcmdə - 800 min tona yaxın fındıq toplanması gözlənilir. Bu bolluq yığım başlandıqdan az sonra Türkiyədə qiymətlərin düşməsinə səbəb olub. Ardınca Azərbaycandakı emal müəssisələri də qiymətləri endiriblər. Maraqlıdır ki, bu il Azərbaycanda fındığın məhsuldarlığı aşağı olub və ötən ilkindən daha az məhsul yığılır. Bu halda yerli müəssisələrin qiyməti aşağı salması yalnız Türkiyədən gələn xəbərlərlə bağlı ola bilərmi?

Bu barədə “Yeni Müsavat”a danışan fındıq istehsalçısı bildirir ki, daxili bazarda məntiqə sığmayan vəziyyət ortaya çıxıb: “Sezonun lap əvvəlində Türkiyə bazarında vəziyyət Azərbaycana təsir etmir, sezon irəlilədikcə isə təsir etməyə başlayır. Nə üçün? Əgər təsir edirdisə, başdan etməliydi, əgər təsir etmirdisə, heç etməməliydi. Bu, bazarda obyektiv deyil, subyektiv fikirlərin olduğunu və həqiqətən də fındıq sektorunda monopolizmin olmasından xəbər verir. Mövsümün əvvəlində məhsulun az olması xəbərlərini alan emal müəssisələri qiyməti Atababa qabıqlı fındığına görə 3.50-4 manat/kq, Xaçmaz qabıqlı fındığına 4.50-5 manat/kq həddinə qaldırmışdılar. Sonra birdən-birə 1 manata yaxın azalma oldu. Bunun əsas səbəbi inhisarçılıqdır. Bütün alıcıların eyni vaxtda, eyni həcmdə qiymət endirməsinin başqa adı yoxdur”.

Xatırladaq ki, avqust ayında Türkiyə, Gürcüstan və Azərbaycanın kənd təsərrüfatı nazirləri fındıq istehsalı və satışı sahəsində fəaliyyətlərin əlaqələndirilməsinə dair memorandum imzalayıblar. Memorandumun müddəalarından biri fındıq qiymətlərinin uyğunlaşdırılmasını nəzərdə tuturdu.

Qeyd edək ki, avqustun son günlərində dünyada fındığın ən böyük tədarükçüsü olan İtaliyanın “Ferrero” firması fabriklərdən fındıq ləpəsinin alış qiymətini 5.70 dollar/kq təyin edib. Əksər Avropa alıcı firmaları öz qiymətlərini məhz bu qiymət üzərindən hesablayır.

Hazırda regiondakı fındıq ixracatçılarından Avropaya aşağıdakı qiymət təklifləri göndərilir:

- Gürcüstan: 6.30 USD/kg

- Türkiyə: 6.60 USD/kg

- Azərbaycan: 6.70 USD/kg

Qeyd: Qiymətlər 11/13 kalibr fındıq ləpəsinin Avropaya çatdırılma xərcləri də daxil ortalama olaraq göstərilib.

DÜNYA,

“Yeni Müsavat”

Posts Carousel

Xəbər lenti

Video xəbərlər