“Nəqliyyat” MMC-nin rəhbəri qaçıb, yoxsa gizlədilib? –İDDİA

Xəbər verildiyi kimi, Sumqayıtda "Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb. "Report”un yaydığı məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında "Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur. Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir.  

Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Nəqliyyat" MMC ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.

Xannı Rüstəmov qaçıbmı?

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Xannı Rüstəmovun qaçması ilə bağlı ziddiyyətli xəbərlər gəlir. Belə ki, onun heç yerə getmədiyi, hazırda Sumqayıt yaxınlığındakı evlərindən birində olduğu bildirilir. Hətta o da iddia edilir ki, Rüstəmov dünən yaxın bildiyi bir neçə nəfərlə əlaqə saxlayaraq, heç yerə getmədiyini bildirib.

Bu məlumatın nə dərəcədə doğru olub, olmadığı bilinməsə də, gələn xəbərlər belə bir halın mümkün olduğu qənaətinə gəlməyə ciddi əsaslar verir. Bu barədə bir qədər sonra.

Zakir Fərəcovun başı daha bir bəlada

Əldə olunan məlumatlardan belə məlum olur ki, Xannı Rüstəmov Sumqayıtın icra başçısı Zakir Fərəcovun yaxın adamı olmaqla yanaşı, həm də qohumudur. Onun həmin vəzifənin başına gətirilməsində də elə bu əlaqələrin böyük rolu olub.

Maraqlıdır ki, Xannı Rüstəmovun külli miqdarda pulu götürərək, aradan çıxması məsələsi də Zakir Fərəcovdan yan keçməyən hadisə kimi qiymətləndirilir. Bəzi mənbələrin JAMAZ.İNFO-ya verdiyi məlumata görə, sözügedən şəxs hələ ortalıqdan yox olmamışdan bir neçə gün əvvəl Sumqayıtda iş görmüş iş adamlarından biriylə görüşüb. Həmin görüşdə deyib ki, Zakir Fərəcov onu böyük bir “bəlaya” salıb. “Mənə dedi ki, marşrutlardan yığdığı bütün pulların hamısını icra başçısına verib. Dövlət büdcəsinə ödənilməli olan pulları belə Zakir Fərəcova verib. Çünki icra başçısı şəhərdə görülən təmir-tikinti işləri üçün pul verməliydi və həmin pulları da bizdən alırdı. Xannı dedi ki, bu iş onun həbsinə belə gətirib çıxaracaq. İndi nə edəcəyini də bilmir”.

Xatırladaq ki, bu deyilənlər doğru olarsa Zakir Fərəcovun durumu daha da ağırlaşacaq. Çünki bu yaxınlarda Sumqayıt şəhərində abadlıq və quruculuq işləri görmüş 426 nəfərə çatacaq 8 milyon manat pulun 3 ildir ödənilməməsi də ciddi problemə çevrilib. Bununla əlaqədar olaraq, həmin iş adamları və fəhlələr icra başçısının qəbulunda olublar. Ondan pullarını tələb ediblər. Həmin sahibkarları hədələyən Fərəcovun onlardan borcun 30 faizini ona bağışlamalarını tələb edib. Boyun qaçıranları isə polis və prokurorluğa verəcəyi ilə hədələyibmiş. Bundan şikayət edən iş adamları da, Prezident Admnistrasiyasına üz tutaraq, onlardan haqlarının qorunmasını xahiş ediblər.

Baş Prokurorluqda cinayət işi açılıb

Gələn xəbərlərə görə, “Nəqliyyat” MMC-nin rəhbəri Xannı Rüstəmovla bağlı cinayət işi açılıb. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində açılan cinayət işində Rrüstəmovun əməllərində cinayət tərkibi olduğu müəyyən edilib. Hazırda istintaq araşdırma mərhələsindədir.

MMC rəhbəri gizlədilibmi?

Bəzi iddialara görə, Xannı Rüstəmovun qaçması barədə xəbərlər məqsədli şəkildə gündəmə gətirilib. Hətta iddia edilir ki, “Nəqliyyat” MMC-nin rəhbərinin haqqında belə məlumatın yayılmasının səbəbkarı da elə Zakir Fərəcovun özüdür. Belə ki, onun ehtiyat etdiyi məsələ odur ki, Xannı Rüstəmov istintaqa ifadə verəcəyi təqdirdə, yığılan pulları kimə verdiyini orada açıqlayacaq. Bu isə daha ciddi problemlərin yaranmasına gətirib çıxaracaq ki, icra başçısı da indiki məqamda bunu arzulamır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.    

Posts Carousel

Xəbər lenti

Video xəbərlər