Neftin qiyməti 19 faizədək bahalaşdı

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanın “Aramco” şirkətinə məxsus iki neft emalı zavoduna səhərə qarşı pilotsuz uçan aparatla (PUA) hücum edilib. İlk hücum şirkətin Buqayq şəhərindəki kompleksinə edilib. Bundan bir neçə dəqiqə sonra Qüreyş şəhərindəki neft emalı zavodu PUA tərəfindən vurulub.

Ölkə mətbuatının yaydığı məlumata görə, hər iki müəssisədəki yanğınlar nəzarət altına alınıb. Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb. Neft obyektlərinə hücum sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib ki, bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal edilib. “Saudi Aramco” hücuma məruz qalmış müəssisələrdə yanğınlar olduğunu təsdiqləyib.

Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpası istiqamətində işlər aparılır. Yəmənin üsyançı husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir. “Saudi Aramco” dövlət şirkətinin iki neft emalı zavoduna hücumdan sonra neftin nəqlini bərpa etməsi üçün bir həftə lazımdır. Hələlik, bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kubmetr həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12-13 faiz artıb. Qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb. WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb.

Səudiyyə Ərəbistanından neft ixracının kəskin azalması bazarda boşluq yaradıb və buna adekvat olaraq ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra bazarda vəziyyəti sabitləşdirmək üçün zəruri olduqda ölkədə mövcud olan neftin strateji ehtiyatlarını istifadə etməyə icazə verib.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, neftayırma zavodlarına hücum İranın işidir. Pompeo hücuma görə məsuliyyəti üzərinə götürən “Ənsar Allah” qruplaşmasının bəyanatını şübhə altına alıb. “Deeskalasiya çağırışlarının səsləndiyi bir vaxtda İran elə indicə dünya energetika təchizatına misli görünməmiş hücum həyata keçirdi”,-Pompeo Tvitterd-də bildirib.

Nüfuzlu ABŞ senatoru Lindsi Qrem isə ölkə rəhbərliyini İranın neft obyektlərinə hücum barədə düşünməyə çağırıb.“Əgər Tehran uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcəksə ABŞ-ın İranın neft obyektlərinə hücum planını müzakirə etməsinin vaxtı çatıb”,-senator bildirib.

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanının neft emalı müəssisələrinə hücumun arxasında İranın dayandığına dair bəyanatına cavab verib. İran XİN-nin rəsmi nümayəndəsi Abbas Musəvi deyib ki, M. Pompeonun bəyanatında yer alan iddia yalandır. A. Musəvi bildirib ki, ABŞ-ın maksimum təzyiq siyasəti maksimum yalanla müşayiət olunur.

Mövzunu musavat.com üçün şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, artıq neftin qiymətində bahalaşma var: “Bu gün hərraclar 67,80 dollarla açıldı, 68 dollara kimi artdı. Sonra isə 65 dollara endi. Bu şok effekti gözlənilən idi. Çünki cümlə günü hərraclar 60.20 dollarla bağlanmışdı. Bundan sonrakı dövrdə isə qiymətlər verilən bəyanatlardan asılı olacaq. Bazarın həzm edə biləcəyi, inanacağı bəyanatlar olarsa qiymətlərdə korrektələr olacaq. Hələ ki, bazarı sakitləşdirəcək inandırıcı bəyanatlar dilə gətirilmir. ABŞ-dan öz rezervlərini açacağı ilə bağlı bəyanat verilib, digər ölkələrdə yardımla bağlı fikir səsləndirib”.

Ekspertin sözlərinə görə, bazar iştirakçılarını maraqlandıran odur ki, real olaraq Səudiyyə Ərəbistanında nə baş verib, onun fəsadları nədir və o fəsadların aradan qaldırılması nə qədər zaman çəkər: “Əslində bazarı hansı yataqda neçə quyunun sıradan çıxması, neçə qurğunun yararsız hal gəlməsi, infrastruktura nə qədər ziyan dəyməsi maraqlandırır. Ancaq bu barədə hələ ki, dəqiq məlumatlar yoxdur. Bu məlumatlar açıqlandıqdan sonra mütəxəssislər, bazar iştirakçıları özləri müəyyən edəcəklər ki, bütün bu işlərin bərpası üçün nə gərəkdir və nə qədər zaman lazımdır”. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər