MSK 4 dairədə nəticələri ləğv etdi -SIRADA DAHA BİR NEÇƏ DAİRƏ VAR

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairədə nəticələri ləğv edib. Onlardan biri 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb. JAMAZ.İNFO xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib. 

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.  Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. 

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi. 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə də müraciətə baxılıb. Müraciət barədə MSK-nın katibi Ramiz İbrahimov məlumat verib. Müraciətdə qeyd olunub ki, protokollar namizədlərə verilməyib. Səslərin yenidən sayılması və İqbal Ağazadənin qalib elan olunması xahiş olunub. Bundan əlavə, səslər sayılarkən qanun pozuntularına yol verildiyi bildirilib. 

R.İbrahimovun sözlərinə görə, araşdırma zamanı seçicilərin iradəsinin təmin olunmasının mümkünsüzlüyü müəyyən edilib. Belə ki, 33 məntəqədən 30-da belə hal aşkarlanıb. Ona görə də hazırki durumda səslərin yenidən sayılması mümkün deyil. MSK rəsmisi təklif edib ki, bu səbəbdən həmin dairədə səsvermənin nəticələri etibarsız hesab olunsun. 

Təklif səsə qoyularaq qəbul edilib və 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının nəticələri ləğv edilib. 

Bundan başqa, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 74 saylı Lənkəran Kənd Seçki dairəsindən namizəd olan Əzizxan Əzizov və Rəvan Bəşirovun da şikayətinə baxıb. MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma nəticəsində seçki komissiyaları tərəfindən qanun pozuntularına yol verilməsi müəyyən edilib: "Bu və ya digər şəkildə seçkinin nəticələrinə müdaxilə edilməsi ilə bağlı iddialar özünü doğruldub. Seçki protokollarının səsvermə otağı xaricinə çıxarılması halları müşahidə edilib. Bəzi seçki məntəqələrində yekun protokollarda seçicilərin iradəsinin təmin edilməməsi məlum olub. Bəzi namizədlərə aid səslərə düzəliş edilməsi halları da müəyyən edilib. Nəticələri ləğv edilməli olan seçki məntəqələrinin sayı 27-dir”. 

Məsələ müzakirəyə çıxarılıb və 74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələrin ləğvinə qərar verilib. 

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hadi Rəcəbli lider namizəd elan olunmuşdu. 

Nəhayət, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Dairə Seçki Komissiyasının nəticələrini də ləğv edib. Müraciət barədə MSK-nın katibi İlkin Şahbazov məlumat verib. O bildirib ki, müraciət edən deputatlığa namizəd Fuad Abbasov qanun pozuntularını əsas gətirərək bir sıra məntəqələrin nəticələrinin ləğv edilməsini xahiş edib. 

İ.Şahbazov deyib ki, müraciət 3 istiqamət üzrə araşdırılıb. Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb. Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub. Ümumilokdə 40 məntəqədən 21-də qa un pozuntusu halları müəyyən olunub 

Beləliklə MSK müraciəti təmin edərək dairənin nəticələrinin ləğvi barədə qərar qəbul edib. 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə əsasən, 33 saylı Xətai Birinci Seçki Dairəsinin lider namizədi Hüseynbala Mirələmov idi. 


Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

- 91 saylı Ucar seçki dairəsi 

- 81 saylı Beyləqan seçki dairəsi  

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi 

- 95 saylı Tərtər seçki dairəsi 

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi 

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi 

- 15 saylı Yasamal birinci seçki dairəsi 

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi 

- 79 saylı İmişli seçki dairəsi  

- 60 saylı Salyan-Neftçala seçki dairəsi 

JAMAZ.İNFO-ya daxil olan məlumata görə, yaxın günlərdə daha bir neçə dairədə nəticələr ləğv olunacaq. Etibarlı mənbənin bildirdiyinə görə, həmin dairələr Aran, Qarabağ və Şimali-Qərb bölgələrimizi əhatə edəcək. Bundan başqa, Razi Nurullayevin lider olduğu İmişli Seçki Dairəsinin də nəticələrinin ləğv olunması gündəmdədir. 

Xatırladaq ki, bir neçə gün əvvəl JAMAZ.İNFO saytı bununla bağlı məlumat yayıb və hansı dairələrin ləğv olunacağı barədə oxucularına məlumat vermişdi. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər