İlkin Süleymanova işgəncə verilibmi? -PROKURORLUQDAN AÇIQLAMA

  • GÜNDƏM
  • 24.01.2020 12:02
  • 55 dəfə oxundu

Yanvarın 23-də Sabunçu Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Süleymanovanın ölümünə görə həbs olunmuş İlkin Süleymanovun apelyasiya şikayətinə baxılıb. Şikayət İ.Süleymanov haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə Tovuz Rayon Məhkəməsinin qərarından verilib. Gəncə Apelyasiya Məhkəməsinin hakimlərinin keçirdiyi prosesdə İ.Süleymanov özü də iştirak edib.

Meydan TV-nin verdiyi məlumata görə, İ.Süleymanov təqsirsiz olduğunu vurğulayıb. Bildirib ki, Nərmini oğurlaması, evlərindəki otaqların birində bir aydan artıq saxlayıb, daha sonra öldürməsi, meyiti yandırması barədə etiraf ifadəsi ondan işgəncə altında alınıb.

1973-cü il təvəllüdlü İ.Süleymanov bildirib ki, polis idarəsində onu döyüblər, bədəninə cərəyan veriblər: "Çox döydülər, bədənimə tok verirdilər. Dözə bilmədim. O işgəncələrin izləri hələ də bədənimdə qalır”.

İ.Süleymanov üzərindəki xəsarət izlərini məhkəmədə iştirak edən hakimlərə də, prokurorluq əməkdaşlarına da göstərib. Bu barədə detallı danışıb.

Onun vəkili məhkəmədə deyib ki, işgəncə barədə şikayət mütləq araşdırılmalıdır. Vəsatət qaldıraraq, şikayətin araşdırma üçün prokurorluğa göndərilməsi haqda qərar qəbul edilməsini istəyib. Vəkil İ.Süleymanovun başqa prosessual hüquqlarının da pozulduğunu bildirib. Məsələn, İ.Süleymanovun ailə üzvlərilə əlaqəsinə imkan verilməyib, yaxınlarının müqavilə bağladığı vəkil uzun müddət onunla görüşə bilməyib və s.

Gəncə Apelyasiya Məhkəməsinin hakimləri həbs qərarından verilmiş şikayəti təmin etməyib. Tovuz Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Amma İ.Süleymanovun işgəncəyə məruz qalması barədə məhkəmədə söylədiklərinin araşdırılması üçün prokurorluğa göndərilməsinə qərar verilib.

İ.Süleymanovun özünü təqsirli bilməməsini vəkili Əlibaba Rzayev də təsdiqləyib. Vəkil bildirib ki, İ.Süleymanovun səhhətində problemlər var. Müdafiəçi özü də onun üzərindəki xəsarət izlərini gördüyünü bildirib.

Vəkil Ə.Rzayev apelyasiya şikayətinin təmin olunmaması barədə qərardan da narazı qalıb.

 Azərbaycan Respublikasının Baş Prokurorluğu isə bununla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən Musavat.com-a daxil olan açıqlamada deyilir: "Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir. 

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf etmiş, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilmiş, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. 

İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmamışdır. 

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsələndirilməsi yol verilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər