Dövlət qurumu əhalidən yun alacaq

«Azərxalça» ASC ölkədə fəaliyyət göstərən xalça istehsalı müəssisələrinin xammalla təmin edilməsi üçün planlarını açıqlayıb.

FED.az xəbər verir ki, «Azərxalça»nın Yunəyrici-Boyaq Fabrikinin inzibati binasında bu gün keçirilən «Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr» mövzusunda müşavirədə elan edilib ki, Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Fabrikin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. 

Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaq. 

Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Regional məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul olunacaq. Tədarük edilən yunun bir kiloqramı üçün əlavə dəyər vergisi də daxil 2 manat müəyyənləşdirilib. Bu ilin may ayından tədarük məntəqələrində yun qəbulu həyata keçirilir. 

Sentyabrın 25-dən isə Yunəyirici-Boyaq Fabrikində yunun qəbuluna başlanılıb. Sonra Yunəyrici-Boyaq Fabrikinin direktoru Cavid Səfərov, Bərdə, Sabirabad, Şabran, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin rəisləri Rizvan Məmmədov, Aday Bəhərçinov, Əlihüseyn Şirinov, Əziz Əzizov çıxış edərək müzakirə olunan məsələ ilə əlaqədar məlumat veriblər. 

Bildirilib ki, regional məntəqlərə indiyədək 213 ton yun tədarük olunub. Yunəyrici-Boyaq Fabrikinə Qobustan və Bərdə regional məntəqələrindən, ümumilikdə, 26 ton yun təhvil verilib. Yun tədarükü və yunun məntəqələrdə çeşidlənməsi işləri davam etdirilir.

Müşavirəyə yekun vuran İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Əl ilə toxunmuş Azərbaycan xalçalarının texniki şərtləri” qəbul edilib. İlk dəfə qəbul olunan bu normativ sənəddə çeşidlənmiş çirkli yunun nəmlik itkisi barədə standart da öz əksini tapıb. Tədarük edilmiş çirkli yunun çeşidləndikdən sonra ümumi çəkisində baş verən nəmlik itkisi 20%-ə bərabərdir. “Azəxalça”nın regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə qəbul edilmiş çirkli yunun çeşidləndikdən sonra Yunəyirici-Boyaq Fabrikinin xammal anbarına təhvil verilənədək saxlanılması zamanı baş verən nəmlik itkisi 3 faiz, çeşidlənmiş yunun fabrikin xammal anbarına qəbul edilib emal olunanadək saxlanılması zamanı baş verən nəmlik itkisi 17 faizdir. “Azərxalça” regional məntəqələrə və fabrikə yun qəbulunu bu texniki şərtə uyğun həyata keçirir.

Vidadi Muradov tapşırıb ki, tədarükçülər yun tədarükünü sürətləndirməli, iplik istehsalı üçün yararlı olan yunun alınmasına ciddi diqqət yetirməlidirlər. Mənqələrdən fabrikə daxil olan çeşidlənmiş yunun qəbuluna ciddi nəzarət edilməli, aşkarlanmış yararsız məhsulun geri qaytarılması təmin olunmalıdır.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər