"Bütün dövlət universitetlərinə maliyyə muxtariyyatı verilsin"

Qubad İbadoğlu: "Ödənişli ixtisaslarda təhsil alan tələbələrin sayı azaldılmalıdır"

Azərbaycan Demokratik Rifah Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan hökumətinə 2020-ci ilin büdcə layihəsi ilə bağlı təkliflər verib.

Bu barədə Qubad İbadoğlu feysbukda yazıb.

O bildirib ki, Azərbaycan hökumətinin bu il ərzində reallaşdırdığı 2 mərhələli sosial paketin təsirli və nəticəli olması üçün 2020-ci ilin büdcə layihəsində aşağıdakı təkliflərin nəzərə alınması vacibdir:

1) Son illər əvvəlki illərlər müqayisədə doğulan uşaqların sayındakı azalma tempinin davamlı xarakter alması, bəzi yaş qrupları üzrə uşaqların orta boy-çəki göstəricilərinin pisləşməsi və uşaqlar üçün istehlak büdcəsinin bahalaşması ilə bağlı olaraq, 1 yanvar 2020-ci ildən hamiləliyə və doğuşa görə müavinət artırılsın, 18 yaşına çatanadək hər bir uşağa cari ilin uşaqlar üçün hesablanan yaşayış minumumu səviyyəsində vəsait ödənilsin, uşaqların və hamilə qadınların məcburi tibbi sığorta haqları dövlət hesabına qarşılansın.

2) Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin imtiyazlı mənzil təminatı proqramını başa çatdlrmaq üçün 2020-ci üçün sosial investisiya xərclərinin proqnozlaşdırılması zamanı 300 milyon manat vəsait bu məqsəd üçün nəzərdə tutulsun.

3) Qış mövsümünün başlaması ilə əlaqədar olaraq təbii qaz və elektrik enerjisinin əhali qrupuna satış tarifləri üçün tətbiq edilən limitlər 2019-cu il noyabr ayının 1-dən ləğv edilsin.

4) Əmək haqlarının artımından sosial müdafiə büdcəsinə daxilolmaların çoxalmasını və pensiyaçıların sayının azalmasını nəzərə alaraq 2020-ci il 1 yanvarından pensiyaların minimum məbləği 250 manata çatdırılaraq minimum əməkhaqqı səviyyəsində təyin edilsin. Bununla yanaşı, 2020-ci ilin iyul ayının 1-dən pensiya yaşı kişilər üçün 64, qadınlar üçün 61,5 yaş həddində saxlanılsın.

5) Növbəti tədris ilindən dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil alanların sayı cəmi tələbələrin 50 faizinə qədər azaldılsın, bununla yanaşı bütün dövlət universitetlərinə publk hüquqi şəxs statuslu institutsional və maliyyə muxtariyyatı verilsin".

Qubad İbadoğlu ictimaiyyəti bu təkliflərə dəstək verməyə çağırıb.

"Parlamentdə 2020-ci ilin büdcə layihəsinin müzakirəsi ərəfəsində hər birinizi sosial təminatlı və təhlükəsiz rifah cəmiyyətinin formalaşması naminə bu təkliflərə dəstək olmağa, onları paylaşmaqla ictimailəşdirməyə və növbəti ilin büdcəsi qəbul olunadək diqqətdə saxlamağa dəvət edirəm", - iqtisadçı bildirib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər