AraşdırmaManşet

Kremlin mesajları, sərhəddə gələn Fransa və İran, Bakının istəyi: rus sülhməramlıları Qarabağdan çıxır?

Artıq bir neçə gündür Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılacağı barədə xəbərlər dolaşır. Dünən erməni mənbələri bununla bağlı dəqiq tarix də nişan veriblər. Belə ki, onlar bu ilin noyabrın 1-dən sonra rusların Qarabağı tərk edəcəyini iddia ediblər.

JAMAZ.İNFO xəbər verir ki, hadisələrin indiki mərhələsində Rusiyanın Qarabağda qalması üçün hər hansı bir səbəb yoxdur. Əvvəla, Qarabağ problemi mütləq şəkildə həll olunub. Bölgədə separatizm də aradan qaldırılıb. Artıq erməni tərəfi də etiraf edir ki, Qarabağda ən yaxşı haldda 40-50 ailə qalıb ki, onların da təhlükəsizliyini təmin etmək Azərbaycan üçün ciddi problem deyil.

Lakin bu xəbərlər ortalıqdaykən, maraqlı hadisələr və açıqlamalar da diqqəti çəkir. Belə ki, dünən Rusiya prezidenti Vladimir Putin “Valday”da verdiyi açıqlamasında bildirib ki, Qarabağ məsələsi həll olub və həmin torpaqlar Azərbaycanın ərazisidir. Bundan başqa, Kremldən gələn açıqlamalardan da belə başa düşülür ki, Rusiya sülhməramlılar məsələsi ilə bağlı Bakıdan təklif alıb və danışıqlar yolu ilə məsələni nizamlamaq istəyirlər.

Amma dünən ard-arda gələn açıqlamalarla yanaşı, maraqlı bir neçə proses də diqqəti çəkib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, rus sülhməramlılarının Qarabağda sayılı günləri qalıb. O qeyd edib ki, artıq rus əsgərlərinin qarabağda qalması üçün hər hansı bir səbəb yoxdur.

Buna paralel olaraq, başqa bir açıqlama da tanınmamış Abxaziya respublikasının lideri Aslan Bjaniyadan gəlib. O deyib ki, Rusiya rəhbərliyi ilə Qara Dəniz Donanması üçün hərbi-dəniz bazası yaratmaq üçün müqavilə imzalayıblar. Onun sözlərinə görə, baza SSRİ dövrünün köhnə yeri olan Oçamçirada yerləşəcək.

Maraqlı detallardan biri isə Kremlə yaxın “Vargonzo” kanalının əməkdaşının qəfil Sünikdə peyda olmasıdır. Ermənistan-Azərbaycan sərhəddində reportaj hazırlayan kanalın əməkdaşı Moskvanın sözlərini də çatdırıb. O deyib: “İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Sünik bölgəsi sərhəd bölgəsinə çevrildi. İndi bizim rus qoşunlarımız təkcə Türkiyə və İran arasındakı sərhədə deyil, həm də Ermənistanın Azərbaycanla yeni sərhəddinə nəzarət etməlidir”.

Bütün bunların fonunda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb ki, dünən Qarabağdakı sülhməramlı kontiongent bütün qüvvələrini Ağdərə, Əsgəran, Xocavəndə və Şuşa istiqamətlərindəki köhnə postlarını ləğv edərək, Xankəndiyə yerləşiblər.

Əslində, nə baş verdiyini anlamaq üçün bu hadisələr arasındakı paralellərə diqqət yetirmək kifayət edir. Mümkün versiyalardan biri budur ki, Rusiya Qarabağdakı hərbi kontingentinin önəmli hissəsini çıxararaq, çox kiçik qrupu Xankəndidə saxlayacaq. Bunu da onunla əsaslandırmağa çalışacaq ki, orada ermənilər yaşayır və onların təhlükəsizliyini təmin etmək üçün Qarabağdadırlar.

Bu rusların bölgədə qalmaq arzusudur. Elə Qarabağda hərbi əməliyyatlar başlayan zamandan davamlı olaraq bildiririk ki, Rusiyanın məqsədlərindən biri Xankəndidə kiçik baza şəklində qalmaqdır. Dünən bütün missiyanı Xankəndinə çəkmək də həmin istəyin təzahürlərindən biridir. Lakin Bakının buna razılaşacağı bir qədər sual altındadır. Çünki rusların Qarabağda qalması indiki halda Azərbaycana sərf etmir.

Birincisi, bu onu göstərəcək ki, Qarabağ münaqişəsi həll olmayıb, bölgədə hələ də sülhyaratma missiyasına ehtiyac var. Halbuki belə bir problem yoxdur. Azərbaycan suverenliyini bərpa edib, ölkə ərazisində hər hansı “boz zona” yoxdur. Yəni, məsələ bitib. Bitibsə, o zaman ruslara da gərək qalmır.

İkincisi, Azərbaycan rus hərbçilərinin Qarabağda qalması ilə Qərbin təzyiqi ilə üzləşməli olacaq. Bu hətta sanksiyalara qədər gətirib çıxara biləcək problemdir. Əslində, indiki məqamda Rusiya da Azərbaycana sanksiya tətbiq edilməsini istəmir. Bu artıq ayrı mövzudur.

Belə olan halda, Rusiya bölgəni tərk edərsə, Qarabağdakı hərbi kontingenti yerləşdirmək üçün mütləq əlavə bazalar axtarmalıdır. Abxaziya ilə bağlanan müqavilə və “Vargonzo”nun son mesajından aydın olan odur ki, Rusiyanın hədəfində iki əsas yer var. Birincisi, bu qoşunların bir qisminin Ermənistandakı Gümrü hərbi bazasına köçürmək və gələcəkdə həmin kontingenti Ermənistan-Azərbaycan sərhəddində yerləşdirməkdir. İkincisi isə Abxaziyada yeni yaradılan həbir bazaya yollamaqdır.

Rusiyanın şübhəsiz əsas hədəfi Ermənistan olacaq. Bunun da bir neçə səbəbi var. Birincisi, Fransa və İran artıq Ermənistanda hərbi baza yaratmaq fikirlərini gündəmə gətiriblər. Ötən gün İran Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri bəyan edib ki, onlar Ermənistana müşahidə missiyası göndərməyə hazırdırlar. İranlı ekspertlər bu açıqlamanı belə şərh edirlər ki, Tehran müşahidə missiyası deməklə, əslində Sünikdə hərbi baza yaratmaq istəyini ifadə edib.

Buna paralel olaraq, Fransanın da Ermənistanda hərbi baza yaratmasına dair açıqlaması var. Bu ölkənin müdafiə naziri bildirib ki, bununla bağlı ciddi araşdırmalar aparırlar.

Belə olan təqdirdə, Rusiya Ermənistanı, o cümlədən Qafqazı əldən verə biləcəyinin fərqindədir. Təbii ki, buna imkan verməmək üçün özünün hərbi varlığını bu ölkədə gücləndirməyə cəhd edəcək.

İkincisi, Qarabağ problemi həllini tapsa da, Ermənistanla Azərbaycan arasında münaqişə hələ də həll olunmayıb. Bu münaqişənin yaxın zamanlarda həll ediləcəyi də real görünmür. Digər tərəfdən, Rusiya Qafqazı əlində saxlamaq üçün bu münaqişənin həllində maraqlı deyil. Elə Ermənistan-Azərbaycan sərhəddini qorumaqla bağlı mesajını gündəmə gətirməklə bu niyyətinə çatmaq fikrindədir. Yəni, əgər sərhəddi rus hərbçiləri qorusalar, bu o deməkdir ki, sərhəddə atışma və təxribatlar dayanmayacaq. Bu isə münaqişənin ruslar var olduqca davam etməsi deməkdir.

Bir başqa tərəfdən isə Rusiya Ermənistan-Azərbaycan sərhəddini qorumaqla Sünik vilayətində hərbi baza yaratmış olacaq ki, bu da Fransa və İranın bölgəyə gəlişini ya ləngidəcək, ya da baş tutmasına imkan verməyəcək.

Hadisələrin gedişatı, baş verənlər belə ehtimal etməyə əsas verir ki, proseslər yaxın zamanlarda intensiv şəkil alacaq. Lakin məsələlərin həlli hələ bir qədər uzun çəkəcək.

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button