Erməni jurnalist Davit Sarkisyan son günlər ölkəsi ilə bağlı pessimist proqnozlar verir. JAMAZ.İNFO xəbər verir ki, sözügedən jurnalist son açıqlamasında da eyni düşüncədə olduğunu dilə gətirib.
Sarkisyan özünün Facebook səhifəsində yazır ki, Qarabağda əhalinin köçündən sonra BMT-nin bölgəyə gəlməsi “toydan sonra nağara” deməkdir. O bildirir ki, Qarabağda baş verənlər Ermənistanın da başına gələcək. “BMT Kiprdən Suriyaya, Moldovadan İraqa, Ukraynadan Gürcüstana kimi dünyanın onlarla ölkəsinin ərazilərinə nəzarət etmirlər”.
Erməni jurnalist iddia edir ki, Azərbaycan və Türkiyə Ermənistana hücum etmək üçün hazırlıq görürlər. “Bunun üçün planları da var. Hadisə Arazın bu tərəfində baş verəcək atışmadan sonra start götürəcək. Sonra isə “antiterror əməliyyatı” adı altında ölkəmizin ərazisində “təhlükəsizlik zonası” yaradılacaq. Bu əsasən Ermənistanın şərq sərhəddində, yəni Zoddan Nerkin Həndə kimi böyük bir ərazini əhatə edəcək”.
Sarkisyan deyib ki, bu hadisələr zamanı heç kim Ermənistana kömək edə bilməyəcək. “Nə başqa bir ölkənin hərbi qüvvələri, nə Rusiya hərbi bazası (əgər o vaxt qədər qalsa), nə fransız tankları, nə də ingilis gəmiləri bizə yardıma çata bilməyəcək. Ən yaxşı halda Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasında qapını çırparaq, küsərək, gedəcək”.