Ermənistanda yayımlanan Oragir.News Xəbər Agentliyi hakimiyyətdəki mənbələrə istinadən maraqlı, həm də qəribə məlumat yayıb. JAMAZ.İNFO sözügedən agentliyə istinadən xəbər verir ki, məlumat Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlardan bəhs edir.
Oragir.News iddia edir ki, sentyabrın 4-də keçirilən görüşdə Ərdoğanla Putin arasında bir sıra məsələlərlə yanaşı, Qarabağ və Ermənistana dair mövzular da müzakirə olunub. “İki ölkə liderləri digər məsələlərlə yanaşı, Ermənistanla bağlı da danışıblar. Həmin görüşlə bağlı Paşinyana məlumat verilib ki, Ərdoğan Putindən Ermənistanla bağlı nə edəcəklərini soruşub. Putinin cavabı isə qısa olub: “Nə istəyirsiz edin”. Bu o deməkdir ki, Azərbaycan Qarabağa və Ermənistana hücum etmək üçün icazəni alıb”.
Agentliyin xəbərində Ermənistandakı Qərb ölkələrindən birinin səfirinində məsələdən xəbərdar oldğunu iddia edilir.
Qeyd edək ki, Ermənistanda bu tipli məlumatlar mütəmadi olaraq yayılır. Əsasən belə xəbərlərlə baş nazir Nikol Paşinyanı hədəfə almağa çalışırlar. Əksər hallarda hansısa hadisə ilə paralellik tapdıqda, bu cür informasiyalar meydana çıxır. Oragir.News-un yaydığı məlumatı da bu qəbildən hesab etmək olar.
Sadəcə, ermənilər bir şeyi nəzərə almırlar ki, Azərbaycan öz torpaqlarında antiterror əməliyyatı aparır və bunun üçün ona kimsənin razılıq verməsinə ehtiyacı da yoxdur. İkincisi, Azərbaycanın Ermənistana müdaxilə etmək, onun ərazilərini işğal etmək niyyəti yoxdur. Sərhəddə baş verən toqquşmaların da günahı Ermənistandadır. Çünki davamlı olaraq təxribata əl atırlar.