İqtisadiyyat

Dollara tələb artır: Manatı devalivasiya gözləyirmi?

Azərbaycanda son həftələr dollara tələbat artır. 10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərracı zamanı 127.9 milyon dollar satılıb. İqtisadçılar qeyd edir ki, bu əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir. 22 avqust 2023-cü il tarixində isə Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 59.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur.

Ölkəmizdə dollara tələbatın artmasının səbəbi nədir? Bu, Azərbaycan manatına təhlükə yarada bilərmi?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən iqdisatçı ekspert Eldəniz Əmirov dollara olan tələbin artmasının bir neçə amillə əlaqəli olduğunu bildirib. “Bir müddətdir ki, dollara olan tələbat artmaqda davam edir. Bunun səbəbi bir sıra amillərlə bağlıdır. Ən birinci amil tədris mövsümünün başlamasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və sair idxal məhsullarının ölkəyə gətitilməsinə başlanması dollara tələbi artırır. İkinci amil isə xaricdə təhsil alan tələbələrlə bağlıdır. Onların hazırlıq işlərinə başlaması dollara tələbin artmasına səbəb olur. Bu proses hələ bir müddət davam edəcək. Yəqin ki, oktyabrdan sonra dollara olan tələbdə azalma müşahidə ediləcək”.

Ekspert vurğulayıb ki, hazırkı vəziyyətdə bu prosesin nə iqtisadiyyata, nə manata birbaşa ciddi təsiri var: “Bu prosesin bir neçə aylıq olduğunu nəzərə alsaq, deməli, dollara tələbin artması dinamik deyil. Ona görə də, hansısa ciddi təzyiqdən və iqtisadiyyata neqativ hallardan söhbət gedə bilməz. Ölkədə valyuta ehtiyatları hazırda 66 milyardın üstündədir. Neftin də qiymətləri kifayət qədər yuxarı səviyyədədir”.

İqtisaçı ekspert Natiq Cəfərli söyləyib ki, əslində belə bir prosesin baş verməsi gözlənilən idi: “Hər il avqust ayında banklar tərəfindən valyutaya tələb artır. Çünki təhsil mövsümü yaxnlaşır. Adi dəftərdən, qələmdən tutmuş çantaya, məktəbli formalarına tələbat artır. Bu da həmin ləvazimatları xaricdən alıb gətirən şirkətlərin valyuta tələbatını artırır. İndi də eyni tendesiyanı müşahidə edirik. Mənə elə gəlir ki, bu proses oktyabr ayına qədər davam edə bilər. Çünki ölkədə milyon yarıma qədər tələbə, şagird məktəblərə, universitetlərə gedəcək. Onların geyimi, məktəb ləvazimatı xeyli vəsait tələb edir. Azərbaycanın bu sahələrdə daxili istehsalı çox zəif olduğu üçün xaricdən gətirilən məhsullara tələbat artır. Nəticə etibarilə valyutaya tələbatın yüksəlməsinin şahidi oluruq”.

N.Cəfərli  vurğulayıb ki, bunun iqtisadiyata birbaşa ciddi təsiri yoxdur: “Çünki həcmlər o qədər də böyük deyil. Sadəcə tələbatı ödəmək üçün valyutaya ehtiyac yaranır. Hələ ki, valyuta ehtiyatları da az deyil. Büdcəni manatla doldurmaq üçün Neft Fondu valyuta satmalıdır. Manata və iqtisadiyyata birbaşa böyük təsirləri yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button