Cəmiyyət

“Dua edin, bəlkə, gələ bildim” – Əsir Hüseynin məktubu

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. Videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə baş tutub.

Ancaq Ermənistandakı digər hərbçimiz Hüseyn Axundovun anası övladı ilə danışa bilməyib.

Bu barədə Modern.az-a hərbçinin anası Şəlalə Axundova özü məlumat verib.

Şəlalə Axundova BQXK tərəfindən ona ümid verildiyini deyib: “Mən həsrətdən yana-yana qalmışam. Mənə ümid verdilər. Dedilər ki, telefonunuz açıq saxlayın, sizi övladınızla danışdıracağıq. Mən də ayın 12-dən telefonun başında gözlədim, gözümü yummadım səhərə qədər. Balamdan zəng gözlədim. Aqşinin anası danışdı. Ancaq mən həsrətdən yandım, qovruldum. Göz yaşları içərisində qaldım”.

O, yenidən BQXK-ya müraciət etdiyini vurğulayıb:

“Məni danışdırmadılar. Mən Beynəlxalq Qırmızı Xaça zəng vurdum. Onlara niyə danışdırmadıqlarını soruşdum.  Dedilər ki, oradan icazə verməyiblər. Guya ki, hələ cinayət işi getdiyinə və məhkəmə yekunlaşmadığına görə olmaz. Məktubunu mənə çatdırdılar”.

Hərbçimizin anasının sözlərinə görə, Hüseyn Axundov ailəsinə yazdığı məktubda darıxdığını söyləyib.

“Ana, özünə yaxşı bax. Ağa (qardaşını nəzərdə tutur – red), anama yaxşı bax. Anamı, bacımı, ailəmi sənə əmanət edirəm.  Bacımın uşaqlarının üzündən öp. Sizin üçün darıxıram. Vətənim, elim üçün darıxıram. Dualar edin, bəlkə, gələ bildim. Haqqınızı halal edin”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button