Dünya

Türkiyə-Ermənistan sərhədi nə vaxt açıla bilər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan ictimaiyyətə açıqlanmayan bəzi görüşlər keçirib.

Jamaz.info xəbər verir ki, bu barədə “Pastinfo” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Paşinyan Ankarada Türkiyə tərəfinin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi, Türkiyə-Ermənistan sərhədinin açılması və digər vacib məsələlər müzakirə olunub.

Məlumata görə, iki ölkənin sərhədində yerləşən Marqara (Türkiyə tərəfdə Alican) keçid məntəqəsinin iyulun ikinci yarısında açılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, iki ölkə arasında quru sərhədi 1993-cü ildən bağlı idi, bu müddət ərzində yük maşınları Gürcüstan və İran ərazisindən tranzit keçməyə məcbur olub.

Ötən ilin yayında xüsusi nümayəndələrin görüşü zamanı tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. İlin sonunda Türkiyə mətbuatı Alican sərhəd keçid məntəqəsinin açılmasının mümkün olduğunu yazıb. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

Bir neçə ay əvvəl Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan Kahramanmaraşa 100 ton humanitar yardım və 27 nəfərdən ibarət xilasetmə qrupu göndərib. İrəvanın humanitar yardımı təxminən 35 il əvvəl bağlanan Alican sərhəd-keçid məntəqəsi vasitəsilə göndərilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button