GündəmManşet

Başkəndin müqabilində Kərki? – İrəvanın belə təkliflə çıxış etdiyi iddiası var

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında bir qədər intensivlik var. Əvvəlcə ABŞ-da, ardından Brüsseldə, daha sonra isə Moskvada keçirilən görüşlərdən sonra tutarlı açıqlamalar olsa da, bir sıra məsələlərdə hələ də aydınlıq yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin o, anklavlar məsələsinə toxunmayıb. Daha doğrusu, hələ mayın əvvəlində Ermənistan hökumətinin iclasında bildirib ki, guya, 8 erməni kəndi Azərbaycanın nəzarəti altındadır. Hətta Paşinyan həmin kəndləri qaytaracaqları təqdirdə, Ermənistanın da anklavları verə biləcəyini deyib.

Amma bu günlərdə həm Ermənistanda, həm də Azərbaycanda başqa bir məsələ də gündəmə gəlmişdi. Həmin məsələ isə təkcə, 9 anklav kəndin deyil, həm də Başkənd məsələsini də ehtiva edirdi. Erməni ekspertlər Paşinyanın heç bir görüşdə bu məsələni qaldırmadığını vurğulayırdılar. Hətta Ermənistan Mühafizəkarlar Partiyasının rəhbəri Karen Hekimyan iddia edib ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, bu qəsəbə 1992-ci ilin avqustunda dəyişdirilib. “Dəyiiklik isə mübadilə əsasında baş verib. Amma keçmiş prezident nəyin müqabilində Başkəndin Azərbaycana verildiyini açıqlamır. Apardığım araşdırmalar zamanı da bununla bağlı əlimə bir şey keçməyib”.

Dünən isə xəbər yayılıb ki, Ermənistan Azərbaycanla apardığı danışıqlarda Başkəndin müqabilində Kərki kəndini istəyib. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatda iddia olunur ki, anklavlarla bağlı Brüsseldə keçirilən görüş zamanı müzakirələrdə bu təklif səsləndirilib. Lakin Azərbaycanın bu təklifdən imtina etdiyi bildirilir.

Qeyd edək ki, Sədərək rayonunun Kərki kəndi 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub. Həmin vaxtdan bəri Kərkinin geri alınması üçün edilən bütün cəhdlər səmərə verməyib. Son danışıqlar, habelə BMT-nin tribunası səviyyəsində Bakı bəyan edib ki, təkcə anklavlar deyil, Kərki kəndi də geri verilməlidir. Ermənistan isə Qazax istiqamətindəki anklav kəndləri verməyə hazır olsa da, Kərki məsələsindən boyun qaçırır.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərin Kərkini verməkdən imtina etməsi səbəbsiz deyil. Belə ki, bu kənddən keçən əsas yol İrəvanla Sünik vilayətini birləşdirir. Daha doğrusu, İrəvanla Süniki quru yolla birləşdirən həm yaxın, həm də ən əlverişli yol Kərkidən keçir. Erməni ekspertlər də bildirirlər ki, əgər Kərki verilərsə, İrəvanla Zəngəzur arasında quru yol kəsiləcək. Yəni, yüklərin daşınması dağlıq ərazidən həyata keçiriləcək ki, orada da faktiki olaraq yol yoxdur.

Bildirək ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən iki yol var. Onlardan biri Qubadlı ərazisindən keçən, hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoludur. Digəri isə İrəvandan Kərkini keçməklə Mehriyə uzanan yoldur. Birinci yol faktiki olaraq Azərbaycan ərazisidir və orada gömrük postu qurulub. Ermənistan bu yola alternativ olaraq Tatev yolunu çəkib ki, o da qışda demək olar ki, işləmir. Həm də iri həcmli maşınlar üçün əlverişli deyil.

İkinci yol olan Kərki yolu isə hazırda Ermənistanın nəzarətindədir. Bu yolun təkcə əhəmiyyəti İrəvanla Süniki birləşdirmək deyil. Həm də İran üzərindən daşınan yüklərin İrəvana asanlıqla çatdırılmasını həyata keçirir. Ona görə də, Ermənistan Kərkini verməkdən hər vəchlə imtina edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button