Qarabağdakı erməni separatçıları “amnistiya” elan etməyə hazırlaşır. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, separatçıların rəhbəri Arayik Harutyunyan bununla bağlı “qanun layihəsi”ni qondarma “parlamentə” təqdim edib.
Məlumatda deyilir ki, “amnistiya” Qarabağın “müstəqilliyi”nin 35-ci ildönümünə həsr olunub. Lakin erməni mediası səbəbin başqa olduğunu yazır. Onlar bununla bağlı iki versiya irəli sürürlər. Birinci versiya ondan ibarətdir ki, hazırda Qarabağda “iqtisadi böhran” var və bu səbəbdən həbsdə olanların ərzaqla təmin edə bilmirlər. Üstəlik, həbsxanaları idarə etmək üçün yetərli maliyyə imkanları da yoxdur.
İkinci versiya isə budur ki, Arayik Harutyunyan artıq Qarabağ məsələsinin son mərhələyə qədəm qoyduğunu anlayır və bu səbəbdən də həbsxanada olanları azad edərək, onların bölgədən çıxmasına şərait yaratmağa çalışır. Hətta həmin “qanun layihəsi”ndə bununla bağlı yazılır ki, “son zamanlar Azərbycanın Laçın dəhlizi üzərində Sərhəd Keçid Məntəqəsi qurması bölgədə vəziyyəti çətinləşdirib. Həbsdə olan insanların azadlığa buraxılması da yaranmış humanitar böhranı qismən aradan qaldırmağa hesablanıb”.
O da qeyd edilir ki, separatçıların “amnistiya”sı 100 nəfərə şamil olunacaq. Yalnız “müxalifət”dən olan qondarma “deputat” David Qalstyan bu layihənin qismən əleyhinə çıxıb. O bildirib ki, 3 milyon dramdan çox “dövlət vəsaiti”ni mənimsəyən məmurlar azadlığa buraxılmasın.