Cəmiyyət

Ali məktəblərə keçid balları artırıla bilər

Bu il ali məktəblərə qəbulda keçid ballarının aşağı salınacağını demək düzgün deyil.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, hələ blok imtahanı keçirilməmiş, eyni zamanda 2 apreldə keçirilən imtahanın cavabları açıqlanmamış belə fikri ancaq  proseslərdən xəbərsiz, proseslərin içində olmayan şəxslər səsləndirə bilər:

“5-12 mart tarixlərində keçirilən imtahanların ötənilki imtahanlarla eynilik təşkil etdiyini demək olar. Hətta bəzi intervallarda builki imtahanlar daha yaxşıdır. Bu isə onu deməyə əsas verir ki, ötənilki plan yerləri saxlanılsa, keçid ballarında hətta artım ola bilər. Bu barədə fikri blok imtahanlarının nəticəsi bəlli olduqdan sonra söyləmək olar. Ancaq buraxılış imthanları əvvəlkilərindən daha yaxşıdır”.

Ekspert hesab edir ki, birinci blok imtahanından sonra balların necə olacağını təxmin etmək olar:

“May ayının 20-21-i  və iyunun 4-5-də birinci blok imtahanı olacaq. Məhz ikinci blok imtahanına qədər builki gözləntilərin nələrdən ibarət olduğunu dəqiq demək olar. Digər yandan plan yerlərinin artırılması nəzərdə tutulur. Bu da ixtisaslar üzrə formalaşacaq keçid ballarına öz təsirini göstərəcək. Tutaq ki, 1-ci qrup üzrə müsabiqəyə 20 min nəfər buraxılır, ancaq 16 min olan  plan yerləri 17 minə yüksəldilir, belə olan halda ötən il 4 min nəfər çöldə qalmışdısa, indi 3 min nəfər kənarda qalacaq. Eyni zamanda, bu, ixtisaslar üzrə formalaşan ballarda enmələrə səbəb ola bilər”.

E.Əfəndi builki blok imtahanlarının daha yaxşı keçəcəyinə inandığını söyləyib:

“Ötən ildən fərqli olaraq, builki imtahanlara daha pozitiv yanaşıram. Çünki builki abituriyentlər pandemiya dövründən sonra rahat hazırlıq keçə biliblər. Onlar nə hibrid, nə də distant təhsil alıblar. Ötən ildən bu ilə qədər daha sərbəst formada hazırlaşıblar. Bunlar elə dövrə düşüb ki, dərslərin distant keçirilməsi onlara elə də təsir etməyib. Ona görə də, bu abituriyentlərin blok imtahanında nəticələri digərlərinə nisbətən daha yaxşı gözlənilir”.

Təhsil eksperti əlavə edib ki, birinci qrup ixtisaslar, xüsusilə İT, kompüter mühəndisliyi və pedoqoji yönümlü ixtisaslarda, eyni zamanda 2-ci qrup üzrə ixtisaslarda qəbul plan yerlərinin bir qədər artımı gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button