ManşetSosial

Lerikdə baş verən faciə Göyçayda da təkrarlana bilər- FOTOLAR

Ötən gün Lerik rayonunda bir ailənin 4 üzvü elektrik vurması səbəbindən dünyasını dəyişib. JAMAZ.İNFO xəbər verir ki, bir ailənin üzvlərinin faciəvi ölümü ölkəmizdə elektrik təsərrüfatının bərbad halda olmasından xəbər verir. Səbəb isə “Azərişıq”ın öz işinə məsuliyyətli yanaşmamasıdır.

Bildirək ki, Lerikdə baş verən faciə Göyçay rayonunda da təkrarlana bilər. Belə ki, rayonun Çərəkə kəndindəki elektrik xətləri nəinki bərbad vəziyyətdədir, bir çoxlarının qəzalı olması gözlə belə müşahidə olunur. Kənd sakini Məmmədov Rəvan İdris oğlu JAMAZ.İNFO-ya göndərdiyi şikayət məktubunda bildirir ki, 6000 nəfərə yaxın əhalisi olan yaşayış məntəqəsində durum ağırdır. Onun sözlərinə görə, insanların həyatı təhlükədədir. “Kənddə transformatorlar mühafizəsiz haldadır. Elektrik dirəkləri qəzalı vəziyyətdədir, naqillər öz istismar müddətini başa vurub. “Azərişıq” ASC sanki Göyçayın Çərəkə adlı kəndini unudub və ya ümumiyyətlə buradan xəbərsizdir. Hətta kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyimizin binasındakı divarlara quraşdırılmış elektrik sayğaclarının belə insanların həyatı üçün təhlükəli olduğu açıq-aşkar görünməkdədir”.

Rəvan Məmmədov qeyd edir ki, dəfələrlə “Azərişıq” ASC-nin “qaynar xətt”inə zəng edərək, şikayət ediblər. Lakin, nəticəsi olmayıb. “Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevə gəldikdə isə o, kəndimizdə yaranmış təhlükəli faktlardan heç də məlumatsız deyildir. Rayonun bir çox yerlərində olduğu kimi, fəsillər boyu Çərəkə kəndində zəif külək əsərkən, yağış və qar yağdığı zaman elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranır, gecələr qaranlıqlara qərq oluruq. Bu, kəndimizdə artıq adət halına çevrilib. Həmçinin, yağan güclü yağış kənd ərazisində yerləşən transformatorların hər hansısa birini və ya bir neçəsi partladaraq, sıradan çıxarır. Belə qorxunc hallar əksər vaxtlarda yanğınlara səbəb olur”.

O qeyd edib ki, Çərəkə kənd 1 saylı tam orta məktəbin həyətində qoyulmuş transformator ən təhlükəlilərdən hesab olunur. “Mühafizəsiz, qəzalı vəziyyətdə olan bu transformator şagirdlərin həyatı üçün olduqca təhlükəlidir”.

Kənd sakini rəsmi qurumlara müraciət edərək, faciə baş verməmiş problemin aradan qaldırılmasını istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button