Siyasət

“İranla müharibə olsa, biri də iştirak etməz” – Ekspertdən deputata etiraz

Deputat Siyavuş Novruzovun İranla bağlı fikirləri müzakirələrə səbəb olub. O, Milli Məclisin sonuncu iclasında Tehran rejimini sərt tənqid edərək bildirib ki, lazım gələrsə, sərhəddə İrana qarşı vuruşa bilərik.

“Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Həmin şəxslər bu terror faktı ilə gözümüzü qorxutmaq istəsələr də səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Sərhəddə İrana qarşı da vuruşa bilərik. İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir”, –  deyə S. Novruzov çıxışında vurğulayıb.

Parlamentarinin İrana müharibə xəbərdarlığı bəzi ekspertləri narazı salıb. Sosial şəbəkələrdə açılan müzakirələrdən görünür ki, onun mövqeyini müdafiə edənlərlə yanaşı, qarşı çıxanlar da var. Onlardan biri tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur.

Jamaz.info xəbər verir ki, o,Modern.az-aaçıqlamasında bildirib ki, vətəndaşlarımızın böyük bir hissəsi İranla hərbi toqquşmanın olmasını istəmir.

“Mən şəxsən Azərbaycan və İran arasında hərbi gərginliyin olmasını arzulamıram. Ölkəmizdə bununla bağlı sorğu keçirilsə, vətəndaşlarımızın 99 faizi toqquşmaya qarşı olduğunu söyləyəcək. Onu da demək lazımdır ki, İran bizimlə qonşu olsa da, artıq bəzi cizgiləri aşıb. İran generallarının verdiyi açıqlamalar bunun sübutudur. Ancaq Azərbaycan indiyə qədər İrana qarşı heç bir plan hazırlamayıb”, – deyə ekspert vurğulayıb.

Ü.Cəfərov hesab edir ki, İran bizə qarşı səhv addım atsa, onların sonu faciə olacaq: “Mən varlığım qədər inanıram ki, İran Azərbaycana qarşı belə səhvə yol verməz. Söhbət ordunun hücumundan gedir. Çünki İranın  daxilində 32-40 milyon azərbaycanlı yaşayır. Sərhəddə hər hansı toqquşma olarsa, bu, İranın özü üçün faciə ilə nəticələnəcək. Onlar bu cür düşünməmiş addım atmazlar. İranın belə bir səhvə yol verməsi onun fəlakəti deməkdir. Məncə, bu fəlakəti İrana Azərbaycan yox, dünya dövlətləri gətirəcək. İndiki dövrdə Azərbaycandan daha çox digər ölkələr İranla bağlı çox ciddi hərbi-siyasi planları icra etmə yollarını düşünürlər.

Mən çox istəyərdim ki, millət vəkilləri, ictimaiyyət və media nümayəndələri yaranmış gərginlikdə bir qədər məsuliyyətlərini dərk etsinlər. İranın əhalisi 80 milyondan artıqdır. Düzdür, hərbi texnikaları Azərbaycanla müqayisədə tamamilə fərqlidir. Bu ölkədə 70-80-ci illərin silahları üstünlük təşkil edir”.

“Onu da qeyd edim ki, “biz İrana güc gələrik” kimi cəfəng fikirlərə uymaq lazım deyil. Azərbaycan özünü İrandan müdafiə etmək gücündədir. İran sərhədlərimizdə təxribat törətsə, biz bunun qarşısını almaq iqtidarındayıq. Biz İranla döyüş meydanında üz-üzə gəlməyi arzulamırıq. Ancaq bütün ölkələrdən özümüzü müdafiə etmək üçün hazır planlarımız mövcuddur. Həmçinin, müttəfiqlərimiz də bizə qarşı ehtimal olunan hücuma səssiz qalmayacaq. Mən bilirəm ki, İranla müharibə haqqında pafosla danışan millət vəkillərinin heç biri döyüş olduğu zaman orada iştirak etməyəcək. Biz İranın yolu ilə getməməyə çalışmalıyıq. Azərbaycanın indiki situasiyada özünü müdafiə edəcək qədər gücü var”, – deyə hərbi ekspert əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button