Dünya
ABŞ Ukraynaya Krımı vura biləcək yeni “ağıllı” bombalar verir
Birləşmiş Ştatlar Ukraynaya ilk dəfə olaraq 150 km mənzilli raketlərin daxil olacağı gözlənilən 2,2 milyard dollarlıq yeni hərbi yardım hazırlayır.
Jamaz.info xəbər verir ki, bu barədə Reuters ABŞ rəsmilərinə istinadən yazır.
Yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün daha çox dəstək avadanlığı, eləcə də dəqiq idarə olunan döyüş sursatları və tank əleyhinə “Javelin” silahları daxil ediləcəyi gözlənilir.
Reuters agentliyinin mənbəsi bildirib ki, 1,725 milyard dollarlıq paketin bir hissəsi prezident Co Bayden administrasiyasına ABŞ-ın mövcud ehtiyatlarından deyil, sənayedən silah almağa imkan verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) kimi tanınan fonddan gələcək.
USAİ-nin vəsaiti yeni qanadlı silahın – 94 mil (150 km-ə qədər) mənzilli GLSDB bombasının alınmasına sərf olunacaq.
GLSDB “ağıllı” bombasının uçuş məsafəsi Ukraynaya Rusiyanın arxa cəbhə müdafiəsini sarsıdaraq əvvəllər əlçatmaz olan qiymətli hərbi hədəfləri vurmağa imkan verə və əks-hücumları davam etdirməyə kömək edə bilər.
Qeyd edək ki, anonsu verilən GLSDB qanadlı bombasının uçuş məsafəsi, həmçinin 2014-cü ildən işğal altından olan Krım yarımadasının şimal hissəsində yerləşən hədəfləri əlçatan edir. (qaynarinfo)