Media

2022-ci ildə vəfat edən azərbaycanlı jurnalistlər – FOTO

Artıq 2022-ci ilin bitməsinə az müddət qalıb. Geridə qoyacağımız bu ildə xeyli jurnalist vəfat edib. Jurnalistlərin əksəriyyətinin ölüm səbəbi isə müxtəlif xəstəliklərdir.
Jamaz.info lent.az-a istinadən bu il vəfat edən jurnalistlərin siyahısını təqdim edir:
Ömrünün 60 ilini jurnalistikaya həsr edən Hafiz Hüseynxanlı uzun xəstəlikdən sonra bu il oktyabrın 24-də vəfat edib.
77 yaşında dünyasını dəyişən tanınmış jurnalist BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. Orta məktəb illərindən Beyləqan rayonunda nəşr olunan rayonlararası “Yüksəliş” qəzeti ilə əməkdaşlıq edib.
O, təhsil aldığı illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində işləməyə başlayıb. Hərbi xidmət zamanı isə “Ordu” qəzeti ilə əməkdaşlıq edib.
Sonrakı illərdə Dövlət Teleradiosunda xüsusi müxbir, “Azərbaycanfilm” Kinostudiyasında redakor və film direktoru, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor, Cəbrayıl rayonunda çıxan “Xudafərin” qəzetində baş redaktor, “Novruz” qəzetində baş redaktor müavini, “AzərTAc”-da redaktor, “Həmrəylik” qəzetində baş redaktor, İqtisadiyyat Nazirliyində mətbuat katibi vəzifələrində çalışıb.
Vesti.az saytının baş redaktorunun müşaviri, tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra avqust ayının 3-də vəfat edib.
Araz Zeynalov rusdilli Vesti.az saytının ilk baş redaktoru olub.
Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində çalışıb.
Tanınmış jurnalist Qadir İbrahimli bu il mayın 20-də vəfat edib.
54 yaşlı jurnalist vəfat etməmişdən bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.
Şair, tərcüməçi, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Nəsir Əhmədli iyunun 7-də 80 yaşında vəfat edib.
O, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışırdı. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.
Televiziya sahəsində fəaliyyət göstərən jurnalist İlkin Zərbəliyev noyabrın 29-da vəfat edib.
İlkin Zərbəliyev 1977-ci ildə Kürdəmirdə anadan olub.
O, uzun illərdi ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkirdi.
Tarix üzrə fəlsəfə doktoru, jurnalist Rəşad Rüstəmov sentyabr ayının 20-də vəfat edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button