Ölkə içi

Ümidsiz Arayik: “Azərbaycan təkliflərimizi rədd edib”

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bu gün dəstəsini başına yığaraq, iclas keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin iclasda Arayik deyib ki, vəziyyət kritikdir və problemi aradan qaldırmaq üçün cəhd edirlər.

O iddia edib ki, Azərbaycanın tələbləri ekologiya ilə bağlı deyil. Onun sözlərinə görə, guya, Bakının belə addım atmasına səbəb onun Fransaya səfər etməsi, Vardanyanın “dövlət naziri” təyin olunması və Xankəndidə keçirilən mitinq olub. “Mənə və digərlərinə qarşı çoxlu təhdidlər olub”.

Arayik onu da iddia edib ki, Qarabağdakı ermənilər öz müqəddəratını təyin etmə hüququndan imtina etməyəcək. “Provokativ hərəkətlər nəticə verməyəcək. Xankəndi birtərəfli güzəştə getməyəcək. Biz də tələblər irəli sürmüşük. Lakin bütün təkliflərimiz rədd edildi. Çünki Bakının məqsədi ilkin olaraq ətraf mühitin monitorinqi deyil, yolu bağlamaq idi”.

Harutyunyan daha sonra qeyd edib ki, ümidsiz olmamalıdırlar. “Başa düşməliyik ki, təzyiq altında hansısa güzəştə getsək, o zaman növbəti güzəşt bizdən tələb olunacaq. İndiyə qədər heç bir güzəştə getməmişik, heç vaxt məsələləri birtərəfli qaydada və ya zorla həll etməmişik. Həmişə söhbətlər olub. Biz razılığa gəlmişdik ki, Sərsəngin suyundan, infrastrukturdan, yollardan birgə istifadə edəcəyik. Həmişə dialoq olub. Amma bu dəfə o, pozulub”.

P.S. Bu adam elə zənn edir ki, Azərbaycan onun təkliflərinə baxacaq və ya nəzərə alacaq. Elə də ağız dolusu deyir ki, təklif vermişdik, rədd elədilər. Rədd olunmalıdır ki, anlasınlar ki, Azərbaycanla şərtlə, tələblə danışmaq olmaz. Sərsəng də, yollar da, infrastruktur da bizimdir. Biz icazə verəcəyimiz təqdirdə, separatçılar ondan istifadə edə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button