ManşetMedia

Jurnalist ölkə rəhbərinə müraciət etdi: “Oğlumun ölümü şübhəlidir, araşdırma aparılmır”

Məlum olduğu kimi, bu ilin oktyabrın 6-da Aazərbaycan Dövlət İqtisad Uiversitetinin tələbəsi Şəhriyar Şəmədovun yaşadığı mənzildə intihar etdiyi barədə rəsmi xəbər yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, 685 balla universitetə qəbul olmuş Şəhriyar jurnalist Şahin Səmədlinin oğludur.

Bu gün Şahin Səmədli özünün Facebook hesabında oğlunun intihar etməsi ilə bağlı status paylaşaraq, məsələnin intihar olmasından şübhələndiyini bildirib. O yazıb ki, oğlu yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınıb. “Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı “turnik” o qədər də hündürdə deyildi. Əllərini “turnik”ə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur”.

Daha sonra jurnalist bununla bağlı qeyd edir ki, oğlu Şəhriyarın özünü asması üçün heç bir səbəb olmayıb. “Axı niyə özünü assın? Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə mağistratura təhsili almağa hazırlaşırdı. Yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASANXİDMƏTə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?”

Şahin Səmədli baş verən hadisənin obyektiv araşdırılması üçün Prezident İlham Əliyevə müraciət edib. “Mən bu status vasitəsilə cənab Prezidentə, baş prokurora müraciət edirəm. Axı, biz hüquqi dövlətdə yaşayırıq. Konstitutsiya ilə hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur. Bəs, niyə belə istedadlı gəncin ölümündən 43 gün keçib, amma Nizami Rayon Prokurorluğunda hələ də cinayət işi açılmayıb? Bir toyuq oğurlayana cinayət işi açıldığı halda, bəs, nə mane oldu bu işin açılmağına prokurorluğun müstəntiqi maraqlı olmadı? Yalnız ehtimallarla, izahatlarla bu işi ört-basdır etməyə çalışırlar”.

Jurnalist dövlət başçısı və baş prokurora müraciət edərək bildirib? “Cənab Prezident, Cənab Baş Prokuror, mənim övladımın intihar etməsi çox şübhəlidir: ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər. Nizami Rayon Prokurorluğunda bu müddətdə cinayət işinin açılmaması, ört-basdır edilməsi şübhələrimi daha da artırır. Sizdən xahiş edirəm, mənim oğlumun ölüm səbəbinin ciddi araşdırılması işini nəzarətinizə götürəsiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button