Siyasət
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə hansı raazılıqlar ola bilər? (ŞƏRH)
“Xarici işlər nazirlərinin görüşü fonunda kommunikasiyaların işləməsi və təhlükəsizliyi məsələsində müəyyən razılıqlar əldə oluna bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüş keçirməklə bağlı razılığın olduğu barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
“Düşünürəm ki, görüş əsnasında yuxarıda qeyd etdiyim məsələ ilə bağlı müəyyən razılığa gələ bilərlər. Çünki bu məsələlər aktual olmaqla yanaşı, daha tez həll olunan mövzudur. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsi texniki mövzudur. Texniki mərhələyə keçmək üçün isə ilk növbədə ortada tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı siyasi sazişi olmalıdır. Ondan sonra isə texniki mərhələyə baxmaq olar. Bu məqamla bağlı ermənilərin mövqeyində ziddiyyət var. Onlar delimitasiya və demarkasiyanı qəbul etsələr də, prosesin əsasını təşkil edən ərazi bütövlüyünü tanımaq məsələsini dilə gətirmək istəmirlər. Görünən odur ki, İrəvan bu məsələnin həllinə hələlik hazır deyil”.
Eks-nazir qeyd edir ki, XİN rəhbərlərinin görüşündə postkonflikt dövrü üçün iki ölkəyə aid mövzular müzakirə predmeti olacaq:
“Bura sərhəd mövzusu, Zəngəzur dəhlizi, kommunikasiyaların açılması, sərhədyanı bölgələrdə insanların yaşamasına şərait yaratmaq üçün bir sıra humanitar məsələlərin müzakirəsi kimi mövzular daxildir. Bakının mövqeyi ondan ibarətdir ki, Azərbaycanın suveren hüquqlarına aid məsələlər, yəni şərqi Zəngəzurda yaşayan erməni əhalisilə bağlı mövzular, təbii ki, İrəvanla müzakirə olunmayacaq. Hər halda Bakı buna yol verməyəcək. Ermənilərin istəyi olan status mövzusunu Azərbaycan təcrübə və tarixi nəzərə alaraq təbii ki, müzakirə etməyəcək”.