19 oktyabr mitinqi:NƏ BAŞ VERİR?

  • SİYASƏT
  • 21.10.2019 08:51
  • 87 dəfə oxundu

Fikrət Fəraməzoğlu

Oktyabrın 19-da Bakıda Milli Şura və AXCP-nin birgə təşkil etdiyi aksiya son siyasi hadisələrin dönüş nöqtəsi sayılmasa da, önəmli və əhəmiyyətli bir parçasıdır. Çünki bu aksiyadan öncə, yəni yanvarın 19-da keçirilmiş mitinq yeni mərhələnin başlanğıcı və dönüş nöqtəsi kimi artıq qəbul edilib.  

Qeyd edim ki, keçirilmiş aksiyadan çıxarılacaq yetərli qədər müsbət nəticələr olduğu kimi, bundan sonrakı addımlarda düzəliş ediləcək məqamlar da var. Onları yazı boyunca sıralayacam.

Əvvəla polisin göstərdiyi “performans” bizim üçün ilk deyil, bundan öncə də dəfələrlə qəddar yanaşma, küçənin ortasında vəhşicəsinə döymələr, qeyri-insani rəftarla çox qarşılaşmışıq və ya bu barədə məlumatlarımız olub. Bu dəfə də fərqli nəsə gözlənilmirdi və elə düşündüyümüz kimi də oldu. Yəni, yanaşmada dəyişən heç nə yox idi.

Lakin burada bir vacib məqamı nəzərədən qaçırmayaq. İndi nə 1998-ci il, nə də 2003-cü il deyil. Artıq əvvəlki vasitələr işə yaramır və bundan sonra heç yaramayacaq da. Ona görə ki, insanlar öncəki illərdən fərqli olaraq hazırlıqlı və məlumatlıdırlar. Digər tərəfədən, artıq qorxu streotipi çoxdan sınıb və insanlar çıxış yolunu etirazlarda gördüklərindən işgəncələrə də özləri üçün əhəmiyyətli baxmırlar. Bir sözlə, təsir əks təsirə çevrilir və bu gün edilənlər sabah bumeranq effekti yaradacaq. Artıq bundan qaçış yoxdur.

İndi isə gəldiyim qənaətləri qısa tezislərlə diqqətinizə çatdırım:

- Son mitinq bir daha göstərdi ki, sosial şəbəkələr təbliğatın daha çox şəxsə çatmasına yardım etsə də, oradakı nəticələrə güvənərək hər hansı bir hesab aparmaq olmaz. Partiya və hərəkatlar birmənalı olaraq təbliğat işini aparmaq üçün, ya yeni vasitələrdən istifadə etməli, ya da ənənəvi üsullardan yararlanmalıdırlar. Qısası, təbliğatçılar vətəndaşın ayağına getmək məcburiyyətindədir. - Mən heç vaxt küçəyə yüz minlərlə adamın çıxaraq, hakimiyyəti dəyişəcəyi düşüncəsində olmamışam və bunu real da saymıram. Çünki məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir. Küçəyə 100 min müşahidəçi insanın çıxmağındansa, meydanda mübarizə aparan 10 min insanın olması daha məqbuldur. Elə bu səbəbdən də müxalifət kəmiyyət dalıyca qaçmamalıdır. Daha çox keyfiyyətə önəm verməlidir.  

- Mitinqin təşkili tam uğurlu sayılmasa da, hazırkı vəziyyət üçün ən optimalı hesab oluna bilər. Məhdudiyyətlər, repressiyalar fonunda bu qədər insanı küçəyə çıxara bilmək kifayət edir ki, təşkilatçılara təşəkkür edilsin.

- Prosesin gedişatı göstərdi ki, hal hazırda hakimiyyətlə aktiv mübarizə aparacaq hələlik tək qüvvə AXCP-dir. Əli Kərimlinin aksiyaya qatılması və orada həbs olunması isə durumu dəyişdi. Artıq cəmiyyətdə rəy formalaşmaqdadır ki, deməli, mitinqlərə qatılmaq lazımdır və dünənə qədər “lider yoxdur” bəhanəsi də qalmayıb. Xalq artıq növbəti aksiyalara qatılmağa borcludur və onun sonuncu bəhanəsi də əlindən alınıb. Elə polis bölməsində AXCP sədrinə qarşı amansız münasibət, ona xəsarətin yetirilməsi də bu rəyin yaranmasına rəvac verməsinə görə olub.

- Hadisələr göstərdi ki, müxalifət partiyaları vahid bir mərkəzdə birləşib, daha effektiv mübarizə apara bilərlər. Və onların birgə mübarizəsi nəticəni tezləşdirə bilər. Dünən Müsavat Partiyasının əməkdaşlıq və birgə mübarizə aparmaq üçün müraciət etməsi təqdir olunmalıdır.

- Müxalifətçilər, xüsusən də cəbhəçilər həyata keçirdikləri işin uğurundan müxaliftə qarşı istifadə etməməlidirlər. Bu gün siyasi arenada rəqabət və ya umu-küsü vaxtı deyil. Köhnədə olanı köhnədə saxlamaq lazımdır. Yeni dönəm üçün birgə hərəkət edilməsi lazımdır. Bunun üçün də yeganə yol bir arada olmaqdan keçir.

- Aksiyaların ardıcıllığı mahiyyət etibarı ilə iqtidarın geri çəkilməsinə gətirib çıxarmaqla yanaşı, həm də onun əvvəlkitək sərt vasitələrə əl atmasını səngidəcək. Eyni zamanda, ardıcıl aksiyalar daha çox insanın prosesə qoşulmasını təmin edə bilər.

- Koordinasiyasızlıq, bir mərkəzdən idarə oluna bilməmə problemi aradan qalxmalıdır.

- Aksiyalarda yeni taktikalardan istifadə olunmalıdır. Ənənəvi üsullar zaman içində həm effektsiz olur, həm də tez qarşısı alına bilinir.

 - Müxalif düşərgə baş verənlər fonunda arxayınlaşmamlıdır.

- Hakimiyyəti heç bir şəkildə zəif görmək mümkün deyil. Əlindəki resurslar özünü qorumaq, hətta bəzi üstünlüklər əldə etmək imkanı verir.

- Atılan istənilən sərt addım əks təsirə səbəb olacaq. Ki, cəmiyyət prosesləri izləyib, ondan nəticə çıxarır və özünə tərəf seçməyə başlayıb. Belə yanlış addımlar isə bu gün onu dəstəkləyənlərin də, zaman içində müxalifətə keçməsinə gətirib çıxaracaq. Necə ki, zaman içində onlarla belə faktlar qeydə alınıb.

- Yeganə yol hakimiyyət üçün islahatdır. İmitasiya şəklində deyil, real formada. Əks təqdirdə, köhnə üsullar heç bir işə yaramayacaq. Ən yaxşı halda bir il vəziyyəti sabit saxlamağa imkan verəcək. Bir ili keçdikdən sonra hər şey domino daşı kimi dağılmağa başlayacaq.

- Bu aksiya onu göstərdi ki, əgər insanlara etiraz etməyə icazə verilməsə, hadisələr sosial-siyasi partlayışa gətirib çıxaracaq və bu qaçılmaza çevriləcək. İndiki məqamda sosial-siyasi partlaşın nə demək olduğu və nə ilə nəticələnəcəyini yazmağa gərək yoxdur.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər